Demokratların (“mavi”) idarə etdiyi ştatların qubernatorları respublikaçı Donald Trampın administrasiyasına qarşı mübarizəyə başlaya bilərlər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.
Kaliforniyanın demokrat qubernatoru Qevin Nyusom Trampın qalib gəlməsindən sonra ştatın qanunverici məclisinin xüsusi sessiya çağırdığını və mübarizəyə hazır olduqlarını bildirib.
Massaçusets ştatının demokrat qubernatoru Maura Hili miqrantların kütləvi deportasiyası halında ştatın hüquq-mühafizə orqanlarının Tramp administrasiyasına kömək etməyəcəyini bəyan edib.
İllinoys ştatının mülayim mövqeli qubernatoru Cey Bi Pritsker Trampa xitabən bildirib ki, əgər yeni seçilən prezident onun xalqına müdaxilə etmək istəyərsə, bununla üzləşməli olacaq.
Nyu-Cersi ştatının qubernatoru Fil Merfi kütləvi deportasiya ehtimalından danışaraq, ştatın sakinlərinin dəyərlərinə zidd hərəkətlərə qarşı mübarizə aparacağını vurğulayıb.
Nyu-York ştatının qubernatoru Keti Hokul Trampın hakimiyyəti dövründə yarana biləcək potensial siyasi təhlükələrə qarşı strategiya hazırlamaq üçün ekspert qrupunu formalaşdırıb.
“The Hill” məlumatına görə, Hokul Nyu-Yorkun baş prokuroru Letişiya Ceyms ilə əməkdaşlıq edir. Ceyms daha əvvəl Trampa qarşı iddia qaldırmış və onu 10 il ərzində hər il öz sərvətini $3,6 milyard artırmaqla bankları aldatmaqda və kreditlər üçün daha yaxşı şərtlər əldə etməkdə günahlandırmışdı.
CNN telekanalının verdiyi məlumata əsasən, demokrat ştatların qubernatorları və baş prokurorları Trampa qarşı “Müqavimət 2.0” kampaniyasına hazırlaşaraq, yeni məhkəmə mübarizələri başlatmağı planlaşdırırlar.