Albaniyanın paytaxtı Tiranada keçirilən yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb.
İdman.biz xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha 2 idmançısı fəxri kürsüyə yüksəlib.
Yığma üzvlərindən Novruz Əliyev (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Anar Abdullazadə (37 kq) isə yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Bununla da komandamız yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc mükafatla başa vurub. Yığmamızın heyətində daha öncə Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, birincilikdə Azərbaycanın oğlanlardan ibarət yığması komanda hesabında üçüncü pillədə qərarlaşıb.
İdman.biz