“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 13-cü turunda “Osasuna” ilə ev oyununda 4:0 hesablı qələbəni şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Oyun uğurlu alındı, biz meydanda hadisələrə nəzarət edərək oyuna inamla başladıq. Əsas odur ki, komanda təlaşa düşmədi və tələsmədi. “Vini” ilk qolu vuranda isə işlər daha da yaxşılaşdı. Əvvəlki görüşlərdən fərqli olaraq, komanda daha da mütəşəkkillik nümayiş etdirdi, nəticəyönümlü idi, birləşdi və oyunda yaxşı mövqe tutdu”, deyə Karlo Ançelotti çalışdırdığı kollektivdən razılığını ifadə edib.
Xatırladaq ki, “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior komandasının qələbəsinə het-triklə töhfəsini verib.
12 turdan sonra 27 xal toplamış “Real” La Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Osasuna” isə 13 oyundan 21 xalla 5-ci pillədədir. La Liqaya 12 oyundan 33 xalla “Barselona” başçılıq edir.