İspaniya La Liqasının 13-cü turunda “Osasuna” ilə ev oyunu (4:0) “Real”ın ukraynalı qapıçısı Andrey Lunin üçün əlamətdar olub.
Arena.az məluat verir ki, Lunin bu oyunda məhsuldar ötürmə ilə fərqlənib.
Lunin topu öz cərimə meydançasında ələ keçirib və güclü bir zərbə ilə “mərmi”ni irəli vurub. “Qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinicius Junior isə rəqibin müdafiəçisi və qapıçısı ilə haqq-hesabı çürüdərək, “yumru”nu boş qapıdan keçirib.
Bu, XXI əsrdə “Real”ın heyətində heç bir qapıçının nail ola bilmədiyi bir müvəffəqiyyətdir. Luninə qədər “Real”ın heyətində İspaniya La Liqasında qapıçı olaraq məhsuldar ötürmə ilə 1993-cü ildə ispan qapıçı Pako Buyo fərqlənə bilmişdi.
Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro məbləğ müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb.
Cari mövsümdə Lunin “Real”ın heyətində bütün yarışlarda 5 oyun keçirib, 8 qol buraxıb, 2 oyundan “quru” qurtulub. Luninin “Real” karyerası ümumilikdə 53 oyun, 59 buraxılmış qol və 18 “quru” oyundan ibarətdir.
Andrey Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.
Andrey Luninin qənimətlər muzeyində olan bütün klub qənimətləri ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku (2 dəfə), FIFA Klub Dünya Kuboku daxildir.
“Transfermarkt” internet-portalı 25 yaşlı ukraynalı qapıçı Andrey Luninin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.