Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda yığmasına dəvət alıb.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Futbolçunun şərəfini qoruduğu Ruanda yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liviya və Nigeriya milliləri ilə qarşılaşacaq. Liviya ilə qarşılaşma noyabrın 14-də Ruandadada keçiriləcək. Nigeriya ilə görüş isə ayın 18-də səfərdə baş tutacaq.
Qeyd edək ki, Ruanda millisi yer aldığı qrupda 4 turdan sonra 5 xalla 3-cü pillədə qərarlaşıb. Nigeriya 10 xalla liderdir.
Ange Mutsinzi “Zirə”yə bu ilin yayında Norveçin “Jerv” klubundan cəlb olunub. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, Azərbaycan klubunun heyətində 20 oyun keçirib.
Mutsinzi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Ruanda yığmasının heyətində 25 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.