Sumqayıt şəhərinin 2024-cü ilin yanvar-sentyabr aylarına aid sosial-iqtisadi göstəriciləri açıqlanıb.
APA xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi məlumat verib.
"2024-cü ilin ilk doqquz ayında Sumqayıt şəhərində iqtisadiyyatın müxtəlif sahələrində nəzərəçarpacaq inkişaf müşahidə olunub. Bu dövr ərzində ümumi məhsul və xidmətlərin həcmi 3 milyard 547 milyon 371,8 min manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artım deməkdir. İqtisadiyyatda istehsal sektorunun ümumi məhsul buraxılışında xüsusi çəkisi 84,8 faiz, xidmət sektorunun payı isə 15,2 faiz təşkil edib".
İcra Hakimiyyətinin sözçüsü qeyd edib ki, sənaye sahəsindəki göstəricilərdə də artım müşahidə olunur. Faktiki qiymətlərlə sənaye məhsulu və xidmətlərin ümumi dəyəri 2 milyard 849 milyon 209 min manat olub və sabit qiymətlərlə 106,8 faiz səviyyəsində artım qeydə alınıb. Bu nəticələr Sumqayıtın sənaye potensialının gücləndiyini və iqtisadiyyatında yeni dəyərlərin yarandığını göstərir. Şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala qoyulan vəsait də artıb. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Sumqayıt şəhərində müxtəlif maliyyə mənbələrindən 178 milyon 168,3 min manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 142,4 milyon manatı, yəni 79,9 faizi birbaşa tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Bu vəsaitin 53,5 faizi dövlət sektoruna, 46,5 faizi isə qeyri-dövlət sektoruna aid olmuşdur.
E.Qocayev bildirib ki, bu göstəricilər Sumqayıt şəhərinin dayanıqlı inkişaf kursunu uğurla davam etdirdiyini təsdiqləyir.