AZ

Xosep Qvardiola və MS üçün antirekord

İngiltərə Premyer Liqasının 11-cu turunda “Brayton”a qarşı səfər oyunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün uğursuz olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “şəhərlilər”in 1:2 hesabı ilə məğlub olduqları oyunda ispan mütəxəssis məşqçilik karyerasında şəxsi antirekord müəyyənləşdirib.

Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti” 3 müxtəlif yarış çərçivəsində keçirdiyi son 4 oyunda ardıcıl məğlubiyyətlər alıb. İngiltərə Liqa Kubokunda “Tottenhem” (1:2), İngiltərə Premyer Liqasında “Bornmut” (1:2) və “Brayton” (1:2) və Çempionlar Liqasında Lissabon “Sportinq”i (1:4) “şəhərlilər”i peşman ediblər. Bu da “Pep” üçün mütləq məşqçilk antirekordudur.

“Mançester Siti” də klub səviyyəsində 18 il öncəki antirekordunu təkrarlamış olub. “Şəhərlilər” 2006-cı ildən bəri ilk dəfə olaraq, ardıcıl 4 oyunda məğlubiyyət yaşayıblar.

Xosep Qvardiola “Brayton”la oyuna dair fikrini bildirib və bu oyun üzərindən komandasının ümumi vəziyyətini təsvir edib:

“Hazırda biz 90 dəqiqə oynaya bilmirik. Birinci hissədə çox yaxşı oynadıq, ikinci hissədə fürsətlərimiz oldu. Yenə uduzduq, buna görə də beynəlxalq fasilə zamanı baş-beynimizi təmizləyəcəyik və ümidvarıq ki, oyunçularımız yenidən hazır olacaqlar. Yenidən oyunlarda qalib gəlməyə çalışmalıyıq. İkinci hissədə nəbzi saxlaya bilmədik. Ardıcıl dörd məğlubiyyət. Biz nəyisə təcili surətdə dəyişməliyik”, – “Mirror” nəşri ispan mütəxəssisdən sitat gətirir.

Qvardiola bu uğursuz silsilənin nə vaxt başa çatacağı ilə bağlı sualı da cavablayıb:

“Zədəlilər qayıtdıqdan sonra biz daha yaxşı olacağıq. Nəticə hər kəsdən asılıdır – bütün heyətdən. Futbolçularım sıraya qayıdandan sonra yenidən daha yaxşı idman formasında olacağımıza şübhə etmirəm”, – BBC ispan mütəxəssisdən sitat gətirir.

11 turdan sonra 23 xal toplamış “Mançester Siti” Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. İndi şəhərlilər 28 xalla yarış cədvəlinə başçılıq edən “Liverpul”dan daha da geri düşüblər.

Seçilən
25
arena.az

1Mənbələr