AZ

Heç bir qüvvə bizi yolumuzdan döndərmək iqtidarında deyil



Cənab Prezident İlham Əliyevin tarixi zəfərimizə həsr olunmuş memorial abidənin və parkın açılışını etməsi hər birimiz üçün olduqca sevindirici haldır.

Ölkəmiz uzun müddət kifayət qədər çətin və mürəkkəb geosiyasi şəraitdə erməni işğalı ilə mübarizə aparmış, beynəlxalq hüquq çərçivəsində torpaqlarımızı geri qaytarmağa çalışmışdır. Lakin, çox təəssüf hissi ilə qeyd edirəm ki, bizlər heç vaxt beynəlxalq ictimaiyyətin səmimiyyətini və işğalla bağlı qəti mövqe nümayiş etdirdiyinin şahidi olmadıq.

Əksinə, işğalçı Ermənistan daha çox dəstəkləndi, onun təcavüzkar davranışları görməzdən gəlindi və bu yetməzmiş kimi Azərbaycana işğalla barışmaq təklifləri edildi.

Lakin, ölkə başçımız cənab İlham Əliyev heç zaman işğalla barışmadı, qətiyyətli addımları və prinsipal mövqeyi nəticəsində əzəli torpaqlarımız hərbi gücün tətbiqi ilə geri qaytarıldı. Bu, Azərbaycanın təkcə Ermənistan üzərində deyil, onun havadarları, işğallda bilavasitə iştirak edən güclər üzərində qələbəsi idi. Elə bu səbəbdən müharibədən sonra Cənubi Qafqazda siyasi müstəvidə yeni geosiyasi reallıqlar yarandı.

Açılış zamanı bir sıra mühüm açıqlamalar verən ölkə başçımız, xüsusilə regionda
baş verən siyasi proseslər və Ermənistanın revanşist meyllər fonunda silahlandırılmasına qarşı qəti şəkildə mövqe nümayiş etdirdi.

Heç kimə sirr deyil ki, Qərb Ermənistanı dəstəkləməklə bölgədə mövcud olan kövrək sülhə təhdid yaradır. Onların davranışları Ermənistanın növbəti müharibəyə hazırlamasına rəvac verir. Lakin Azərbaycan bütün qarayaxma kompaniyasına və hərbi təhdidlərə rəğmən öz prinsipial mövqeyində qətidir və heç bir qüvvə bizi yolumuzdan döndərmək iqtidarında deyil.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
Seçilən
53
newscenter.az

1Mənbələr