İsrail və Almaniyanın müdafiə nazirlikləri 2025-ci ildə “Arrow 3” raketdən müdafiə sistemi ilə bağlı birgə hazırlıqları müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məsələ ilə bağlı ikigünlük danışıqlar İsraildə baş tutub.
Qeyd edilir ki, İsrailin Almaniyaya "Arrow 3" raketdən müdafiə sistemini yerləşdirməsi qərarı, iki ölkə arasındakı müdafiə sahəsindəki əməkdaşlıqda vacib addımdır. Bu addım, xüsusilə Rusiya-Ukrayna münaqişəsi fonunda, Avropada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə istiqamətlənib.
Xatırladaq ki, Almaniya və İsrail 2023-cü ilin sentyabrında Berlində “Arrow 3” sisteminin alınmasına dair razılığa gəliblər. Dəyəri təxminən 3,6 milyard dollar olan müvafiq sazişin imzalanma mərasimi həmin ilin noyabrında Təl-Əvivdə baş tutub. Razılaşmaya görə, ilk “Arrow 3” 2025-ci ilin sonuna qədər Almaniya Müdafiə Nazirliyinə təhvil verilməlidir.