Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət ünvanlayıb. Dövlət başçısı xalqa müraciətində sülhdən yayınan Ermənistana və onun havadarlarına sərt xəbərdarlıq edib. Ölkə rəhbəri Ermənistanı silahlandıran, müharibəyə təhrik edən Qərb ölkələrinə də növbəti sərt mesajlarını verib. Prezident istənilən təxribat cəhdinə adekvat cavab veriləcəyini vurğulayıb:
"İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar". Dövlət başçısı diqqətə çatdırıb ki, indi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: "Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır". Ölkə rəhbəri bəyan edib ki, biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq: "Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq".
Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti Zəfər bayramını qeyd edərkən bunu Azərbaycan xalqının əbədi bayramı kimi xarakterizə etdi.
Deputat vurğulayıb ki, doğrudan da, Zəfər bayramı Azərbaycan xalqının tarixində, dövlətçilik tarixində, Azərbaycanın mental və mənəvi tarixində mühüm bir hadisə kimi daima xalqımızın yoluna işıq saçacaq:
"Eyni zamanda Azərbaycan Prezidenti bir sıra digər məsələlərə də toxundu. Biz bilirik ki, zəfəri əldə etmək çətindir. Zəfəri əldə etmək üçün uzun illər yol gəldik. Ancaq tarixi Zəfərimizdən sonra gördük ki, əldə edilmiş zəfəri həm hərbi, siyasi, həm də diplomatik müstəvidə qorumaq da çox çətindir. Azərbaycan dörd ildir ki, yeni şərtlər içərisində sülh əldə etməyə nail olmağa çalışır. Amma buna icazə verilmir, Ermənistan silahlandırılır. Ona görə də Zəfər Günündə Azərbaycan Prezidenti bu məsələyə toxunaraq erməniləri xəbərdar etdi ki, siz əsla və əsla Azərbaycanla silahlanma yarışına girə bilməzsiniz. Əgər Ermənistan və onun havadarları bu siyasəti davam etdirəcəksə, axırda yenə Azərbaycandan dərs almağa məcbur olacaq. Nə qədər ki, gec deyil, Ermənistan silahlanmadan əl çəkməlidir və sülh üçün real addımlar atmalıdır. Əks təqdirdə Ermənistan dəfələrlə peşman olduğu kimi, bundan sonra yenə də peşman olacaq. Ancaq sonrakı peşmançılıq da fayda vermir".