AZ

Konstitusiyamız Azərbaycan xalqının rifahına xidmət edir

Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirən ölkənin ana qanunlar toplusu olan müstəqil ölkəmizin Konstitusiyası inkişafımıza, tərəqqimizə yol açmaqla yanaşı dövlət quruculuğu prosesinə təkan verdi. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Konstitusiyanın qəbul edilməsi müstəqiilik tariximizin ən böyük hadisələrindən biri oldu. Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Müstəqil dövlətimizin yeni Konstitusiyasının qəbul olunması Ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısında danılmaz xidmətlərindən biridir.
Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin demokratik modeli qanunla təsdiqlənməlidir. Buna görə də, milli adət- ənənələrə və reallıqlarına əsaslanan Konstitusiyada xalqın suveren iradəsi hakimiyyət mənbəyi elan edildi. Ən əsası, Konstitusiya cəmiyyətin bütün təbəqələrinin mənafelərinin tarazlığını hüquqi əsaslarla qoruyan sosial konsensusun fundamental özülünü yaratdı. Təsadüfi deyil ki, Konstitusiyanın maddələrinin üçdə biri insan hüquq və azadlıqlarının təmin edilməsindən ibarətdir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, ölkəmizin Əsas Qanunu hazırlanarkən təkcə ümumbəşəri dəyərlər və ənənəvi hüquqi dövlət ideyaları deyil, həm də bu ideyaların milli maraqlara əsaslanaraq inkişafında müasir tendensiyalar da nəzərə alındı. Azərbaycanın tarixi keçmişindən qaynaqlanan dövlətçilik ənənələri və milli-mənəvi dəyərləri ilə zənginləşdirildi. Ölkə Konstitusiyasının preambulasında qeyd olunduğu kimi, Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, hamının rifahını təmin etmək istəyən, ədaləti, azadlıq və təhlükəsizliyi bərqərar etməklə, keçmiş qarşısında məsuliyyətini dərk edərək, indiki və gələcək nəsillər öz suveren hüququndan istifadə edərək, ümumxalq səsverməsi – Konstitusiya üzrə referendumla qəbul edilir.
Əsas Qanun təkcə Cənubi Qafqazda və postsovet məkanında deyil, həm də dünyada ən demokratik Konstitusiyalardan biri hesab olunur. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi kursunun strateji və taktiki vəzifələrinin həllində, sosial islahatların aparılmasında, dövlət proqramlarının hazırlanmasında başlanğıc nöqtəsi oldu. Prezident İlham Əliyevin bildirdiyi kimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratdı.
Yeni Konstitusiyasının qəbulu ilə uğurla həyata keçirilən daxili və xarici siyasət sayəsində demokratik proseslər başlanmış, iqtisadiyyat dinamik inkişaf etmiş, sahibkarlığın inkişafı üçün əlverişli şərait formalaşdırdı. Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır, ictimai həyatın bütün sahələri yenilənir, beynəlxalq standartlara cavab verən informasiya-kommunikasiya texnologiyalarından istifadə olunur, insanların rifahı yüksəlir.
Deputat yekunda bildirib ki, son illər ölkədə insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları da ölkədə iqtisadi proseslərin dərinləşməsinə, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsinə, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə yönəlmişdir.
Bir sözlə, ümumbəşəri dəyərlərə söykənən Azərbaycan Respublikasının Konstitusiyası bu gün böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının rifahına xidmət edir.

Seçilən
24
7
xalq.az

10Mənbələr