AZ

Kameruna Dəstək, Yerli İnkişaf və Ətraf Mühit Assosiasiyası COP29-dan gözləntisini açıqlayıb

Kameruna Dəstək, Yerli İnkişaf və Ətraf Mühit Assosiasiyası Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinin qəbulunu səbirsizliklə gözləyir

Demokrat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Assosiasiyanın icraçı koordinatoru Sunday Geofray bildirib.

"Ümid edirik ki, prioritetlər həssas icmalara faktiki dəstək verə biləcək resursların səfərbər edilməsinə yönələcək", - deyə o qeyd edib.

Qonağın sözlərinə görə, iqlim maliyyəsi kifayət deyil: "Ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə irəli sürdüyü 100 milyard ABŞ dolları öhdəliyi yerinə yetirilmir. Lakin burada təkcə vəsait vacib deyil, inkişaf etmiş ölkələrin bu öhdəlikləri yerinə yetirmək istəyi də önəmlidir. Çünki bu illər ərzində gördüklərimiz ondan ibarətdir ki, vədlər var, lakin o vədlər fəaliyyətlə dəstəklənmir. Beləliklə, biz vədlər deyil, daha çox öhdəlik görmək istəyirik".

S.Geofray deyib ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 5 trilyon ABŞ dollarından çox vəsaitə ehtiyac var: "Bəzi inkişaf etmiş ölkələr bu rəqəmlə razılaşmır, amma onlar iqlim dəyişikliyinə görə məsuliyyət daşıyırlar. Biz iqlim dəyişikliyinin təsirlərini hiss edirik, insanlar iqlim dəyişikliyinə görə ölürlər və gəlirləri azalır. Ona görə də iqlim dəyişikliyi ilə mübarizədə sərf ediləcək məbləğ əlçatan olmalıdır".

UNFCCC-nin Tərəflər Konfransı 1995-ci ildən keçirilir. Əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-13-də COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.

Seçilən
17
demokrat.az

1Mənbələr