İqlim dəyişiklikləri cəmiyyətin bütün təbəqələrinə təsir göstərir. Gənclər sıfır emissiyaya nail olmaq üçün səylərini artırmalıdırlar. Həm beynəlxalq təşkilatlar, həm də milli hökumətlər gənclərin iqlim dəyişikliyi istiqmətində həyata keçirdikləri tədbirləri dəstəkləməlidir ki, gələcək nəsillər təmiz ekoloji mühitdə yaşasınlar.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Monqolustanın ekoloji hüquq müdafiəçisi Enhun Biyambadorj COP29 çərçivəsində keçirilən Gənc Liderlər Forumunda deyib.
O bildirib ki, ölkə gəncləri COP20-da fəallıq nümayiş etdirirlər ki, bu da onların iqlim dəyişikliyinə biganə olmadığını göstərir. O, müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.
"COP29 Azərbaycanda yüksək səviyyədə təşkil olunub. Tədbirin Bakıda keçirilməsi Azərbaycan dövlətinin iqlim dəyişikliklərinə verdiyi önəmi göstərir. İqlim dəyişiklikləri ilə bağlı Azərbaycanda fəaliyyət göstərən təşkilatlarla əlaqə qurmaq və birgə fəaliyyət göstərmək istəyirik", - deyə monqolustanlı hüquq müdafiəçisi əlavə edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.