AZ

"Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi COP29-da yan tədbir təşkil edib(FOTO)

2024-cü il noyabrın 11-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Eco Hub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi "Ekoloji məsələlərinin həllində əməkdaşlıq: şirkətlərin ətraf mühit fəaliyyətlərində QHT-lərin rolu" mövzusunda yan tədbir keçirib.

Olaylar.az xəbər verir ki, ETSN yanında İctimai Şuranın katibi, sözügedən İctimai Birliyin sədri Tükəzban Ağababayeva bildirib ki, məqsəd ekoloji problemlərin həllində QHT-lərin vacib rolunu geniş auditoriyaya çatdırmaq və şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığın əhəmiyyətini önə çıxarmaqdır.

Yan tədbirdə "Azərbaycanın ekoloji məsələlərinin həllində dövlət-özəl sektor tərəfdaşlığı", "Dairəvi iqtisadiyyat: Azərbaycanda tullantıların effektiv idarəedilməsinə birgə yanaşmalar", "Su resurslarının təhlükəsizliyi - suyun dayanıqlı idarəedilməsi üçün tərəfdaşlıqlar" adlı panel müzakirələr təşkil olunub, ətraflı fikir mübadilələri aparılıb.

Tədbirdə korporativ sosial məsuliyyət (KSM) proqramları çərçivəsində ətraf mühit fəaliyyətlərini gücləndirmək üçün praktiki həll yolları təklif olunub və bu əməkdaşlığın uzunmüddətli sosial-iqtisadi təsirləri vurğulanıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
6
olaylar.az

7Mənbələr