İqlim faktorlarının yaratdığı təbii fəlakətlər son 10 ildə qlobal iqtisadiyyata 2 trilyon dollar ziyan vurub.
Musavat.com xəbər verir ki, bu, "Oxera"nın Beynəlxalq Ticarət Palatası üçün hazırladığı hesabatda əksini tapıb.
Hesabat barədə məlumatı COP29 ərəfəsində Palatanın baş katibi Con Denton açıqlayıb.
O bildirib ki, iqlim dəyişikliklərinin mənfi təsiri gələcəyin söhbəti deyil, çünki artıq illərdir bəşəriyyət onu hiss edir.
Hesabatdan aydın olur ki, tədqiqatçılar 10 il ərzində 1,6 milyard insana təsir edən 4000 ekstremal hava hadisəsi əsasında hesablamalar aparıblar. 2014-cü ildən 2023-cü ilə qədər ən ciddi iqtisadi itkilərə ABŞ məruz qalıb - 934,7 milyard dollar, 267,9 milyard dollarlıq ziyanla Çin ikinci, Hindistan isə 112 milyard dollarla üçüncü yerdədir.
Eyni zamanda, tədqiqatçılar qeyd ediblər ki, 2022-2023-cü illər üçün iqtisadi itkilərin həcmi əvvəlki səkkiz illə müqayisədə artım tendensiyası nümayiş etdirir və inkişaf etməkdə olan ölkələr daha çox zərərlə üzləşirlər.
Öz növbəsində Denton bildirib ki, BMT-nin növbəti İqlim Dəyişikliyi Konfransı iqlim dəyişikliyinə cavab olaraq daha sürətli fəaliyyətə səbəb olmalıdır. O qeyd edib ki, bütün ölkələrin “gecikmədən aşağı karbonlu, iqlimə davamlı inkişaf modelinə keçə bilməsi” üçün maliyyələşmə sürətləndirilməlidir.
Musavat.com