AZ

İstehsalı Brejnev vaxtından davam edən sovet avtomobilləri - FOTO

İlk baxışdan elə düşünmək olar ki, bu başlıq oxucunu çaşdırmaq üçün seçilib. Lakin qətiyyət belə deyil. 
Oxucuda belə bir haqlı sual da yarana bilər: Axı SSRİ-nin süqutundan tam bir qərinə ötür. Bu qədər vatda texnoloji yenilik olmayıbmı? Bəli, olub, amma ciddi səviyyədə deyil.

Avtosfer.az xəbər verir ki, Brejnev dövrünün bəzi avtomobilləri bu gün də konveyeri tərk etməyib. Başlayaq elə sovet ordusunda “yolsuzluq kralı” kimi tanınmış Ural 4320 yük avtomobilindən. 
Bu yük avtomobili 1961-1993-cü illərdə istehsal olunmuş Ural-375 modelinin mühərriki dəyişmiş forması olub, indi də konveyerdədir. Onun 375 modelindən fərqi mühərrikdədir. ZİL mühərrikli 375 modeli hər 100 kilometrə 80 litr və daha çox 93 oktanlı (sonradan 76) benzin sərf edirdi. KAMAZ mühərrikinə keçidlə sərfiyyat yarıbayarı azalsa da, keçicilik qabiliyyəti aşağı düşdü. 
Dizel mühərrikli avtomobillərin gəlişi ilə benzin mühərrikli maşınlar sıradan çıxmadı. Bu gün Rusiya ordusu Ukrayna münaqişəsində 375 modelindən gen-bol istifadə edir. Yaşı yarım əsri ötən maşınlar bu gün də işə yarayır. Onlar təkcə hərbi ehtiyacları ödəməklə qalmayıb, həm də maddi-texniki təminata məsul zabitlər üçün əlavə gəlir mənbəyidir. 
Avtomobil Rusiyanın ucaqrlarında mədənçilik və meşə təsərrüfatı üçün də idealdır.
Rusiya texnikasından danışarkən təbii ki, PAZ-sız keçinmək mümkün deyil. Məşhur PAZ-672 (danışıq dilində Alabaş) avtobusların “modernləşmiş” versiyası olan PAZ-3205 hələ 1977-ci ildə layihələndirilsə də, kütləvi istehsal 1979-cu ildə başlayıb. 2017-ci ildə sonuncu dəfə “modernləşdirilmiş” avtobus bu gün də həm Dizel, həm də karbüratorlu benzin mühərriki ilə (!) istehsal olunur. Sonuncular çox ucuz təklif edildiyi üçün bu gün də Rusiyanın, elə rusların təbirincə desək, “sivilizasiyadan uzaq” ərazilərində xidmət edir. Sibir şaxtasında rahat işə düşmək üçün sərfiyyat çox olsa da, benzin mühərrik əlverişlidir.
1965-ci ildən istehsalına başlayan UAZ-452-də indiyədək rəqəmlər (452, 2206, 3741, 3909, 39094, 3962, 3303) dəyişsə də, ciddi konstruksiya dəyişikliyi gözə çarpmır. Yeni rənglərin seçilməsi, injektora və ya elektroventilyatora keçid ciddi irəliləyiş sayılmamalıdır. Bu modelləri zavod köhnə yük avtomobilləri cərgəsi UAZ SQR adlandırır. 
2003-cü ildən istehsal olunan UAZ Hunter minik avtomobilinin də kökündə 1962-ci il modeli UAZ-469 dayanır. 
Nəhayət, hamının tanıdığı Niva. Bu gün Legend və Urban adı ilə təqdim edilən avtomobilin kökündə 1977-ci ildə istehsala buraxılmış VAZ-2121 dayanır. Bu modelin də mühərriki 2 dəfə modernləşdirilsə də, 3 il sonra 50 yaşını qeyd edəcək avtomobil baza modelindən ciddi  şəkildə fərqlənmir. Beşpilləli ötürmə, elektroventilyator və ya qaz amortizatoru hələ ciddi texnii sıçrayış sayıla bilməz. 
Bu avtomobillərin istehsalı ucuz və asan başa gəldiyi üçün hələ də konveyerdə qalıb. Rusiyaya tətbiq edilmiş sanksiyalar Brejnev (hətta Xruşov) dövrünün texnikalarının ömrünün daha bir neçə il uzanması ilə nəticələndi. Rus ekspertlərinin fikrincə, sovet modellərinin konveyeri tam tərk etməsi 2030-cu ildə tez baş verməyəcək.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Seçilən
22
avtosfer.az

1Mənbələr