"Acwa Power" Sədüyyə Ərəbistanı şirkətidir. 13 ölkədə fəaliyyət göstərən bu şirkət yaşıl hidrogen, bərpa olunan enerji və suyun duzsuzlaşdırılması layihələrini reallaşdırır. Hazırda əsas istiqamətləri suyun duzsuzlaşdırılması və enerji olduğundan şirkət COP29-un bu istiqamətlər üzrə rəsmi tərəfdaşıdır. Təbii ki, bu istiqamətdə "Yaşıl zona"da "Acwa Power"in stenti izləyicilərinə şirkət barədə məlumat verilir. Nümayiş olunan stentdə müəyyən istiqamətlər üzrə şirkətin fəaliyyəti əks olunur. Mərakeş, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərində, o cümlədən Azərbaycanda reallaşdırılan ləyihələr barədə məlumatlar əks olunub.
Hazırda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi üzrə 37 turbinin istismara verilməsi nəzərdə tutulur. İlk turbinin bu yaxınlarda quraşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur. 12 turbinin Abşeronda, 25 turbinin isə Xızıda yerləşdirilməsi nəzərdə tutulur. Layihənin gələn ilin noyabr ayında tam olaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında İcra müqaviləsi imzalanıb. Müqaviləyə uyğun olaraq “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulub. Bu istiqamətdə 2020-ci ilin 30 dekabr tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Ümumi qoyuluş gücü 240 MVt olan layihə Xızı rayonunun Sitalçay və Abşeron rayonunun Pirəkəşkül kəndində reallaşdırılacaq.
Onu da bildirək ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "ACWA Power Azerbaijan Renewable Energy" MMC arasında KOB-ların "yaşıl keçid"i üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu istiqamətdə "yaşıl iqtisadiyyat"a keçidinə dəstək məqsədilə birgə əməkdaşlığı nəzərdə tutur.
Orxan Vahidoğlu, “İki sahil”