AZ

Ülvi İsgəndərov: "Qol vurmağım məni də çox sevindirir, amma..." - Müsahibə

“Araz-Naxçıvan”ın hücumçusu, Premyer Liqanın 13-cü turunun “Sumqayıt”la matçında komandasının yeganə qolunu vuran Ülvi İsgəndərov apasport.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan" "Sumqayıt"la matçda qalib gəlməyi bacardı. Matç istədiyiniz səviyyədə keçdi? Yoxsa belə çətin olacağını ehtimal edirdiniz?

- Bəli, matçın ağır keçəcəyini bilirdik. Çünki 10 gündə üçüncü oyunumuz idi. Bu da istər-istəməz psixoloji olaraq, həm də güc baxımından ağır idi. Amma şükürlər olsun ki, 3 xalı qazana bildik. Bu da bizi çox sevindirir. Şadam ki, son dəqiqə qolunu vurduq və qazandıq.

- Elmar Baxşıyev meydana çıxmamışdan öncə sənə hansı tapşırıqları vermişdi? Bəlkə rəqib müdafiəsindəki boşluğu özü görmüşdü?

- Əlbəttə ki, hər oyuna çıxanda qol vurmaq, komandama faydalı olmaq üçün çıxıram. Çalışıram ki, qol vurum. Dünənki görüşdə meydana çıxmamışdan qabaq, içimdə sanki hiss var idi ki, qol vuracam. Hətta Slavik Alxasova isinmədə olanda dedim ki, 1:0 udacağıq və qələbə qolunu da özüm vuracam. Belə də, oldu.

- Uğurlu çıxışınızın sirrini nədə görürsən? Halbuki, mövsümə "Qarabağ"a böyükhesablı məğlubiyyətlə başlamışdınız...

- Bizim çox yaxşı, sağlam kollektivimiz var. Hər oyundan-oyuna inkişaf etmək istəyirik. Həm məşqçilər korpusu, həm də rəhbərlik hər zaman yanımızdadır. Bu da ümumilikdə uğurlu nəticəyə gətirib çıxarır. 

- “Araz-Naxçıvan" "Qarabağ"dan cəmi bir xal geri qalır. Necə düşünürsən, "Qarabağ"la çempionluq mübarizəsi aparacaq gücdəsiz?

- Hələ bizim yolumuz uzundur. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. "Qarabağ" tam başqa səviyyədir. Biz öz yolumuza baxırıq. Meydana çıxdığımız hər görüşdə qalib gəlmək istəyirik. Necə alınacaq, bunu zaman göstərəcək. Hər halda, biz öz üzərimizə düşəni edirik, nəticə üçün çalışırıq.

- Hələ "Qəbələ"dən adət etmişik ki, meydana sonradan daxil olaraq xilasedici rolunu oynayırsan. Artıq "Araz-Naxçıvan"da da bunu etməyə başlamısan. Deyəsən, sənin üçün ən yaxşısı belədir? 

- Təbii ki, hər futbolçu daim oynamaq istəyir. Sonradan oyuna daxil olub, qol vurmağım məni də çox sevindirir. Amma əsas olan komandamızın qələbə qazanmasıdır. Kimin qol vurmasının önəmi yoxdur. Hər halda, qol vururamsa, məni çox sevindirir, daha istəkli olmağa kömək edir.

- Yəqin ki, əsas istək "Qarabağ"a ilk və yeganə məğlubiyyətin təsadüf olduğunu sübut etmək üçün onlarla görüşdə nəticə qazanmaq olacaq? Səncə, "Araz-Naxçıvan" bu mövsüm yeganə məğlubiyyət aldığı "Qarabağ"ı uda bilər?

- Bilirsiz, "Qarabağ" çox güclü komandadır. Onların gücünü hamı yaxşı bilir. "Qarabağ" tamam başqa səviyyədir. Biz yolumuza baxırıq. Çalışırıq ki, hər oyunda uğurlu nəticə qazanaq. Qələbə qazanmaq məsələsinə gəlincə, futbolda hər şey ola bilər.

Vüsal İsgəndərli Azərbaycana qayıtmaq istəmir

Millimizin üzvü Ekstraklasanın rəmzi komandasına düşüb

Rəşad Sadıqov bu futbolçunu "gözdən çıxarıb"

De Bleker bu dəfə hakimləri "ayağa vermədi"

Elxan Abdullayev: "Bura elə-belə gəlməmişik"

Seçilən
23
apasport.az

1Mənbələr