AZ

Həm “Neftçi”, həm də “Qarabağ”da oynamış futbolçu

Veteran futbolçu Musa Qurbanovun 60 yaşı tamam olub.

İdman.biz xəbər verir ki, Zaqatala rayonunda anadan olan Musa futbolçu karyerasına hərbi xidmətə qayıtdıqdan sonra 21 yaşında yerli “Daşqın” komandasında başlayıb.
1987-ci ildə “Kəpəz”in heyətində SSRİ çempionatında debüt edib, sonra Qazaxın “Göyəzən” komandasının şərəfini qoruyub.

1989-cu ildə SSRİ kubokunda debüt edən “Göyəzən” ilk oyunda Başqırdıstanda Ufa “Qastello”suna 2:1 hesabı ilə qalib gəlib. Qələbə qolunu da oyunun 82-ci dəqiqəsində hücumçu Musa Qurbanov vurub.

1989-cu ilin iyununda 1/32 finalda “Göyəzən” Qazaxda “Neftçi” ilə qarşılaşıb. Meydan sahibləri 1:2 hesabı ilə məğlub olsalar da, Musa o vaxt 1-ci liqaya düşmüş Bakı komandasının diqqətini cəlb edib və ikinci dövrədə paytaxt klubuna keçib.

Həmin il 5, növbəti il isə 10 oyunda “Neftçi”nin formasını geyinib. Bakı komandasının “Rostselmaş”a 4:0, “Paxtakor” və “Şinnik”ə 3:0 hesabı ilə qalib gəldiyi oyunların iştirakçısı olub.

Sonra yenə “Kəpəz”, “Daşqın”...
Müsahibələrindən birindən vurduğu ən gözəl qolları belə xatırlamışdı: "Göyəzən"də oynayanda "Kəpəz"in qapısına 30 metrdən baxımlı bir qol vurmuşdum. Həmçinin "Daşqın"da çıxış etdiyim vaxt Zaqatalada "Metallurq"un yeddi oyunçusunu aldadıb, topu qapıdan keçirmişdim.”

Legioner həyatı da yaşayıb. Qardaşı Qurbanla birlikdə Gürcüstanda da çıxış edib, “Alazani” (Gürcaani) və “Mertsxali” (Ozurgeti) komandalarında oynayıb.

Karyerasının zirvəsi isə “Turan”la bağlıdır. Tovuz klubunun 1993/94 mövsümündə ilk və hələ ki, sonuncu dəfə Azərbaycan çempionluğunu qazanmasında 35 qolla bombardir olan Musanın əməyini xüsisilə qeyd etmək lazımdır. Azərbaycan klub futbolunun avrokuboklardakı debütündə iştirak edib: “Turan”ın 1994-cü ildə UEFA kubokunda “Fənərbağça” ilə qarşılaşmalarında forma geyinib.

Sonra Mingəçevirin “Kür-Nur” komandasında oynayıb. 1996/97 və 1997/98 mövsümlərində yenidən “Neftçi”nin formasını geyinib, 1997-ci ildə Azərbaycan çempionu olub.

Futbolçu karyerası “Qarabağ”la da bağlı olub. Belə ki, 2000/01 mövsümündə Ağdam klubunun uğurları üçün çalışıb. Maraqlıdır ki, karyerasında son qolunu da məhz “Turan”a vurub.

Səkkiz il “Zaqatala” PFK-nın Müşahidə Şurasının sədri olub, ötən ildən isə üzvüdür.

“Qarabağ”ın baş məşqçisi, qardaşı Qurban Qurbanovun futbola gəlməsində mühüm rol oynayıb. Bu səbəbdən Qurban oğluna da böyük qardaşının şərəfinə Musa adını qoyub.

Bu gün 60 yaşlı Musa Qurbanov “Turan”un veteranlarının heyətində “Kəpəz”in veteranları ilə yoldaşlıq görüşündə iştirak edib və hətta 2 qol vurub. Oyun “Turan”ın ölkə çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar keçirilib. Qeyd edək ki, Tovuz şəhər stadionunda oynanılan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 5:5.

Rasim
İdman.biz

Seçilən
34
idman.biz

1Mənbələr