AZ

Luka Qotti Marko Campaolo ilə əvəzləndi - Rəsmi

İtaliyanın “Leççe” komandasının baş məşqçisi Luka Qotti istefaya göndərilib, onun əvəzində bu posta Marko Campaolo təyin olunub.

Arena.az bu barədə A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qottinin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Leççe” 2024/2025-ci illər mövsümündə A Seriyası çərçivəsində keçirdiyi 12 oyunda cəmi 2 qələbə qazanıb, 3 heç-heçə edib, 7məğlubiyyətə üzülüb. Komanda 9 xalla 18-ci pillədə qərarlaşıb. Bu üzdən də klub rəhbərliyi uğursuz gedişata son qoymaq üçün baş məşqçi dəyişikliyinə ehtiyac duyub.

Luka Qotti bu ilin mart ayından “Leççe”yə rəhbərlik edirdi. İtaliya klubu bu müddətdə 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 24 oyuna çıxıb. “Leççe” bu görüşlərdə 6 qələbə qazanıb, 7 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Qotti daha öncə “Spetsiya”, “Udineze”, “Triestina”, “Treviso” kimi komandalara rəhbərlik edib, İtaliyanın U-17 yığmasını çalışdırıb. O, “Kalyari”, “Parma”, “Bolonya”, “Çelsi” və “Udineze”də köməkçi-məşqçi də olub. Qotti 2018/2019-cu illər mövsümündə “Çelsi” ilə Avropa Liqasının qalibi olub.

Marko Campaolo isə 2022-ci ilin oktyabrında “Sampdoriya”dan ayrılandan bəri işsiz idi. 57 yaşlı mütəxəssisin “Leççe” ilə müqaviləsi avtomatik uzadılma şərti ilə 2025-ci ilin yayına kimidir.

Campaolo əvvəllər “Milan”, “Torino”, “Kalyari”, “Askoli”, “Syena”, “Kataniya”, “Çezena”, “Breşiya”, “Kremoneze”, “Empoli” kimi komandalara da rəhbərlik edib. Qottidən fərqli olaraq, Campaolonun məşqçi kimi ümumiyyətlə heç bir ciddi uğuru yoxdur.

Seçilən
20
arena.az

1Mənbələr