AZ

Sahil Babayev pensiyaların gecikməsindən danışdı

"Sosial paketlə bağlı cənab Prezident tərəfindən artıq müvafiq tapşırıqlar verilib. Ölkə başçısının bəyan etdiyi kimi, gələn il Azərbaycanda növbəti sosial islahat paketi həyata keçiriləcək".

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Son beş il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük sosial islahat paketi həyata keçirilib. 4 milyondan çox əhalimiz bu paketlər çərçivəsində əhatə olunub. Vətəndaşlarımıza illik əlavə 7 milyard manatdan artıq ödəniş edilir. Həm minimum pensiyalar orta hesabla 2.7 dəfə, minimum əməkhaqqı 3 dəfəyə yaxın, orta aylıq əməkhaqqımız isə 2 dəfəyə yaxın artıb. Cənab Prezident tapşırıq verib və növbəti il üçün sosial islahat paketi hazırlanıb. Gələn il minimum əməkhaqqı və minimum pensiyaların artımı gözlənilir. Hazırda dövlət büdcəsinin layihəsi Milli Məclisdə müzakirə olunduğu üçün düşünürəm ki, yekunda müvafiq rəqəmlərlə bağlı da məlumat veriləcək".

Sahil Babayev müharibə iştirakçılarının təqaüdünün artırılması məsələsinə də toxunub: "Sosial paket müzakirədədir. Müzakirə etmədən hər hansı tərkib hissəsi barədə məlumat vermək doğru olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək".

Nazir pensiyaların gecikməsi məsələsinə münasibət bildirib: "Bu gün biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ay sonunda ödənilir. Sadəcə, Azərbaycan hökumətinin humanist addımı ondan ibarətdir ki, biz ayın sonunu gözləmədən pensiyaları daha tez ödəyirik".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
9
1
teleqraf.com

4Mənbələr