AZ

Apellyasiya Məhkəməsi İqbal Əbilovu həbsdə saxlayıb

Noyabrın 11-də Bakı Apellyasiya Məhkəməsi talış tədqiqatçı İqbal Əbilovun ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayətə baxıb, bu barədə Turan-a vəkil Rövşanə Rəhimova bildirib.

Şikayətə onlayn formada baxılıb. "Müdafiə tərəfi bildirib ki, Əbilovun həbsdə saxlanıldığı dörd aya yaxın müddət ərzində faktiki olaraq istintaq hərəkətləri aparılmayıb və onu həbsdə saxlamaq üçün hüquqi əsas yoxdur.

Digər tərəfdən, Əbilov alim, kinorejissordur, onun elmi-fantastik filmi İtaliyada nüfuzlu festivalda ən böyük mükafata layiq görülüb. Hesab edirik ki, Əbilov azadlıqda olsa, elmi və yaradıcılıq işini davam etdirə və zərurət olduqda ilk çağırışda istintaqa gələ bilər", deyə vəkil bildirib.

Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib. Əbilovun məhkəmə tərəfindən təyin edilmiş həbs müddəti noyabrın 22-də başa çatır və vəkil istintaqın həbsin uzadılmasını istəyəcəyini təxmin edir. Bu baş versə, müdafiə tərəfi apellyasiya şikayəti verəcək, deyə vəkil Rəhimova qeyd edib.

* İqbal Əbilov iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələrilə ittiham irəli sürülüb.

Xüsusən, bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunur.

Əbilov ittihamları qəbul etmir və müstəsna olaraq elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsində köməklik göstərilməsi xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Seçilən
20
turan.az

1Mənbələr