“Yenidən prezident seçilmiş siyasətçinin əsas məqsədi ilk növbədə ABŞ maraqlarını bütün ölkələrin maraqlarından üstün tutmaq, onun lazımsız xərclərinə son qoymaq, ölkənin 80-ci illərdə olan qüdrətini özünə qaytarmaqdır..."
“Donald Trampın seçilməsi təkcə Rusiyanın yox, eyni ilə NATO ölkələrinin də xeyrinə deyil. Çünki Tramp demokratlar tərəfindən üstündən xətt çəkilmiş ənənəvi amerikan proteksionizmini ölkəsinə qaytarmaq məqsədi güdür. Özünün birinci prezidentliyi dövründə bu siyasi ənənəni ABŞ-yə qaytarmağa macal tapmadı və Avropa Birliyini və başqa ölkələri özünə düşmən etdi. İndi isə onun üçün bu imkanlar yaranacaq, çünki Birləşmiş Ştatlar ənənəvi proteksionizminə qayıtmasa, ölkə dağıla bilər. Bayden administrasiyasının ABŞ dövlətinə vurduğu zərbələrin qarşısını ala biləcək şəxsiyyət məhz Tramp ola bilər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Birləşmiş Ştatlardakı son prezident seçkilərində qələbə qazanmış Donald Trampın ölkəsinə və dünyaya münasibətdə yürüdəcəyi siyasətin mahiyyətindən bəhs edən siyasi analitik Tahir Cəfərli dilə gətirib.
“Bəs, sizcə, Tramp əslində nə etmək istəyir?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:
“Yenidən prezident seçilmiş siyasətçinin əsas məqsədi ilk növbədə ABŞ maraqlarını bütün ölkələrin maraqlarından üstün tutmaq, onun lazımsız xərclərinə son qoymaq, ölkənin 80-ci illərdə olan qüdrətini özünə qaytarmaqdır. Bunun üçün isə yalnız proteksionist siyasətindən istifadə edib, Amerikanın iqtisadi nəhənglərini işə salmaq və ölkəni yüksəklərə qaldırmaq lazımdır. Proteksionizm yalnız ABŞ-ın inkişafını düşünmək, demokratların başlatdığı lazımsız müharibələrə, dövlət çevrilişlərinə, iqtisadi savaşlara dövlətin maraqları əsasında son qoymaqdır. Belə alınır ki, Tramp sülh tərəfdarıdır və ABŞ demokratlarının müharibələrə ayırdığı pulları öz xalqına, öz ölkəsinin iqtisadi dirçəlişinə xərcləmək istəyir. Müharibə tərəfdarları Trampın düşmənləridir...”
Sultan Laçın