“COP-İqlim dəyişmələrinə diqqət çəkən tədbirdir! Qeyd edim ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasına (COP29) sədrlik edir. Azərbaycanın COP29-a sədrliyi səsvermə əsasında müəyyən edilib. Bu o deməkdir ki, Azərbaycan Global məsələlərdə əsas aktor kimi iştirak edir və kifayət qədər tərəfdaşı da mövcuddur”
Bunu Moderator.az-a açıqlamasında hər zaman dövlətçiliyi tərənnüm edən çıxışları ilə, intellekti ilə seçilən tanınmış teleaparıcı Murad Əzimzadə deyib. O daha sonra əlavə edib:
“İqlim dəyişmələri, ekoloji problemlərlə nəticələnir. Ekoloji problemlər isə insan amilinin təsirindən yaranır. Məsələn, Xəzər dənizinə, müxtəlif su hövzələrimizə atılan tullantılar su qıtılığı yarada bilər. Bu səbəblər Xəzərin suyunun azalmasına, çayların qurumasına gətirib çıxarır. Sudakı canlı aləm məhv olur və bu ekologiyanın sistemini pozur. Təkcə su deyil, eyni zamanda meşələrdə ağacların kəsilməsi, yaşıllıq ərazilərin azaldılması, biomüxtəlifliyin qorunmaması da ciddi fəsadlar yaradır. Flora və faunamız hər gün məhvə doğru gedir.
Yağıntıların periodunun dəyişməsi ciddi problemlər yaradır. Çox adam düşünür ki, yağıntı artıb, əslində isə yağıntı nisbətən azalmaqda, yağıntı periodu dəyişməkdədir. Bu isə iqlim dəyişmələrinin ən ciddi fəsadlarından hesab olunur. Məsələn bir neçə il öncə payız aylarında sentyabr, oktyabr, noyabr aylarında yağıntı normal periodla yağırdı, amma indi sentyabrda yağış az, oktyabrda çox, noyabrda isə heç yağmır. Bu həm ölkəmizdə həm də digər ölkələrdə problem yaradır. Misal olaraq deyə bilərəm ki, İspaniya son günlər yağıntıların, daşqınların qurbanına çevrilib. COP29-a ev sahibliyi etməklə Azərbaycan qlobal ekoloji problemlərə görə, narahatlığını ifadə etmiş olur, eyni zamanda əməli işlərin görülməsi üçün təkliflər edir” deyə aparıcı bildirib.
Murad Əzimzadə bildirib ki, çalışdığı Space tv-də COP29-la bağlı bir neçə layihəyə aparıcılıq edir:
“Ölkəmizdə karbon emissiyasının 2050-ci ilə qədər 40 faiz azaldılması planı Azərbaycanın İqlim Dəyişmələrinə, Ekoloji problemlərə həssaslığını bir daha ifadə edir. Bu xüsusda Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkəmizdə “Yaşıl Dünya Naminə Həmrəylik” ili elan olunması və ictimaiyyətin maarifləndirilməsi yuxarıda qeyd etdiyim həssaslığın nümunəsidir. Qeyd edim ki, Space tv-də “Yaşıl Dünya Naminə Həmrəylik” ili çərçivəsində Medianın İnkişafı Agentliyi və Audiovizual şuranın dəstəyi ilə layihə rəhbəri və aparıcısı olduğum “Yaşıl həyat” adlı xüsusi layihə tamaşaçılara təqdim edirik. Eyni zamanda COP29-un başlaması ilə əlaqədar layihə rəhbəri və aparıcısı olduğum “Düzün Sözü” gündəlik ictimai-sosial müzakirə məzmunlu proqramımızı da televiziya izləyicilərimizə təqdim etdik. Məqsəd insanlarımızın maarifləndirilməsidir. Unutmayaq ki, dünya hamımızın evidir. Gəlin evimizin hər zaman yaşıl rəngdə qalması üçün əl-ələ verək və təbiətimizi, dünyamızı qoruyaq” deyə Murad Əzimzadə bildirib.