AZ

COP29-un Azərbaycana və vətəndaşlara hansı faydaları olacaq?

Bakıda keçirilən COP29 tədbirinin qlobal və regional miqyasda əhəmiyyəti, rolu, ondan gözləntilər və s. barədə çox danışılıb, yazılıb. Biz isə COP29-un yaxın illərdə məhz Azərbaycana hansı faydaları verə biləcəyinə, onun ölkəmiz üçün yalnız ekoloji deyil, eyni zamanda mühüm siyasi, iqtisadi və sosial əhəmiyyətə malik tərəflərinə toxunmağa çalışacağıq. 

Qlobal nüfuz və siyasi çəki

Qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində bir araya gəldiyi, yeni strategiya və qərarların qəbul edildiyi mühüm platformadır. İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan paytaxtında keçirilməsi, hökumət və vətəndaş cəmiyyətləri nümayəndələri, elm adamları və ekspertlərin Bakıda toplaşaraq iqlim böhranının həlli yollarını müzakirə etməsi isə həm ölkəmiz, həm region, həm də ümumilikdə dünya üçün əhəmiyyətli nəticələr vəd edir. 

Əvvəla, bütün neqativ fikirlərə və boykot çağırışlarına baxmayaraq, BMT-nin belə böyük miqyaslı və dünyanın hər yerindən onminlərlə insanın iştirakı ilə keçirilən mötəbər konfransına təhlükəsiz şəraitdə, yüksək səviyyədə və demək olar ki, qüsursuz ev sahibliyi etməsi bir daha Azərbaycanın beynəlxalq tədbirlərin təşkilatçılıq təcrübəsini və bacarığını ortaya qoydu. Bu isə onun nüfuzuna müsbət mənada təsirsiz ötüşməyə bilməz. 

Digər tərəfdən, bu tədbir qlobal səviyyədə nümunə olmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq birliyin gücünü nümayiş etdirəcək. Çünki COP 29-da qəbul edilən qərarlar gələcək illərin iqlim strategiyalarını, ümumilikdə isə, bu sahədə yeni bir mərhələ formalaşdıracaq. Nəticədə məhz Azərbaycanda yaşıl enerji layihələri, texnoloji yeniliklər və ətraf mühitin qorunmasına dair yeni proqramlar qəbul edilərək qlobal səylərə töhfə veriləcək. Bu isə ölkəmizin qlobal iqlim siyasətindəki rolunu artırmaqla onu iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv "oyunçu”ya çevirəcək, beynəlxalq arenada nüfuz və mövqelərini, o cümlədən regional liderlik ambisiyalarını daha da gücləndirəcək.

Beynəlxalq təcrübə və əməkdaşlıq

COP29 çərçivəsində əldə olunan əməkdaşlıq və təcrübə mübadiləsi, Azərbaycana iqlim siyasətində daha böyük addımlar atmasına imkan verəcək. Bu tədbir ölkənin iqlim siyasətini, o cümlədən, bu sahədə beynəlxalq əməkdaşlıqlarını gücləndirəcək, qlobal və regional miqyasda iqlim dəyişikliyi ilə mübarizənin səmərəliliyinin artırılması üçün ciddi platforma yaradacaq. 

Azərbaycan qlobal iqlim şəbəkələrinə daxil olmaq və iqlimlə bağlı müzakirələrə aktiv qatılmaq imkanı qazanacaq. Bu, ölkəmizin beynəlxalq arenada daha çox tanınmasına və iqlim siyasətində mövqeyinin gücləndirməsinə kömək edəcək. Bundan əlavə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqlim dəyişikliyinə qarşı birgə mübarizə, ətraf mühitin qorunması, resurslardan davamlı istifadəyə vahid baxışın formalaşmasına, həmçinin sərhədlərarası iqlim təsirlərinin idarə edilməsi, regionda ekoloji problemlərin, eləcə də iqlim dəyişikliklərindən qaynaqlanan və Azərbaycana da təsirsiz ötüşməyən migrasiya məsələlərinin həlli üçün müştərək strategiyaların inkişafına zəmin yarana bilər. 

İqtisadi inkişaf və sosial rifah

COP29 Azərbaycan üçün texnoloji yeniliklər, iqtisadi və dayanıqlı inkişaf sahəsində də böyük imkanlar açır. Bu, yalnız ətraf mühitin qorunmasına xidmətlə kifayətlənməyəcək, eyni zamanda ölkənin iqtisadi inkişafını da dəstəkləyəcək və yaşıl iqtisadiyyata keçidi sürətləndirəcək. 

Belə ki, Azərbaycan yaşıl enerjiyə keçid üçün böyük imkanlar yaradan zəngin təbii resurslara (günəş, külək və s.), eləcə də strateji coğrafi mövqeyə malikdir. COP29 xarici investorların diqqətini Azərbaycan iqtisadiyyatında yaşıl enerjiyə və ekoloji texnologiyalara çəkə, bu istiqamətdə investisiyaları stimullaşdıra, onu yeni texnologiya və innovasiyaların tətbiqində əlverişli mərkəzə çevirə bilər. Bərpa olunan enerji layihələrinin gerçəkləşməsi, yaşıl texnologiyaların geniş tətbiqi ölkədə qeyri-neft sektorunu və iqtisadiyyatın şaxələndirilməsini gücləndirəcək. Bu da öz növbəsində yeni iş yerlərinin açılmasına, iqtisadi inkişafın dayanıqlılığına, eləcə də əhalinin sosial rifahının yaxşılaşmasına töhfə verəcək. 

Müasir infrastruktur və sağlam həyat

Azərbaycan COP29 sayəsində ətraf mühitə təsiri azaldacaq texnoloji yeniliklərdən istifadə, xüsusilə, karbon qazının tutulması və saxlanması, "ağıllı şəhər” texnologiyaları və dayanıqlı infrastruktur sahəsindəki yenilikləri tətbiq və inkişaf etdirmək üçün beynəlxalq təcrübələrdən səmərəli şəkildə yararlanacaq. "Ağıllı nəqliyyat” sistemləri, enerjidən və sudan səmərəli istifadə edilməsi məqsədilə müasir texnologiyaların tətbiqi ilə şəhər infrastrukturu təkmilləşdiriləcək. Bu da istər-istəməz vətəndaşların həyat səviyyəsini və keyfiyyətinin artmasına təsirsiz ötüşməyəcək. 

Ölkədə bərpa olunan enerji mənbələrinə keçid və karbon emissiyalarının azalmasına yönəlmiş texnologiyaların tətbiqi isə hava çirkliliyinin azalmasına və sağlam ekosistemlərin yaranmasına gətirib çıxaracaq. Ağacəkmə kampaniyaları və şəhər yaşıllaşdırmaları ilə bağlı atılan addımlar, xüsusilə, iri şəhərlərdə yaşayanların daha təmiz hava ilə nəfəs almasına və burada sağlam həyat şərtlərinin formalaşmasına təsir edəcək. Bundan əlavə, su ehtiyatlarının qorunması, onların optimal idarə edilməsi və səmərəli istifadəsi yolları ilə su təchizatının yaxşılaşdırılması istiqamətində uzunmüddətli planlar hazırlana bilər.

İqlim maarifləndirilməsi və fərdi məsuliyyət

Bu tədbir həmçinin vətəndaşların iqlim dəyişikliyi ilə bağlı məlumatlılığını nisbətən artıracaq. Belə ki, ətraf mühitin qorunması, enerji səmərəliliyi və su ehtiyatlarının idarə olunması kimi sahələrdə aparılan maarifləndirici kampaniyalar və görülən tədbirlər insanların ekoloji cəhətdən məsuliyyətli davranmasına, onların şəxsi həyatlarında ekoloji baxımdan daha çox dostyana davranışları mənimsəməsinə, su və enerji israfının azalmasına, tullantıların düzgün idarə olunması və təkrar emalına töhfə verə bilər.

Ekoloji sosiallaşma

Bütün bu kompleks işlər paralel olaraq vətəndaşların ekoloji problemlərin həllinə, iqlim dəyişikliyinə qarşı birgə tədbirlər görülməsinə və ekoloji layihələrdə könüllü iştirakına marağını artıracaq, onların həm bir-birinə, həm də ümumi məqsədə bağlılıq hissinin formalaşdırmasına və güclənməsinə gətirib çıxaracaq.

Ümumiyyətlə, COP29-dan sonra Azərbaycanın beynəlxalq nüfuzunun daha da artacağını, ölkəyə yaşıl gələcək qurmaq məqsədlərinə çatmasına töhfə verməklə yanaşı ekoloji sahədə həm texniki, həm də maliyyə dəstəyinin güclənəcəyini, yerli və beynəlxalq ekspertlər arasında əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin artacağını, iqtisadi və sosial sahələrdə tətbiq olunacaq yeniliklərin ümumi və dayanıqlı inkişafa, vətəndaşların rifahının yaxşılaşmasına, nəhayət, onların ekoloji cəhətdən daha məsuliyyətli davranış sərgiləməsinə müsbət təsir edəcəyini proqnozlaşdırmaq olar. 

İlkin Bağırov
Politoloq, media və ictimai kommunikasiyalar üzrə ekspert-konsultant
Seçilən
30
50
qaynarinfo.az

10Mənbələr