AZ

Fernando Muslera Joze Mourinyonu tənqid etdi

“Qalatasaray”ın kapitanı, uruqvaylı qapıçı Fernando Muslera “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Musleranın tənqidi mövqeyi portuqal mütəxəssisin Türkiyə futbolu haqda səsləndirdiyi sərt tənqidi fikirlərlə bağlıdır:

“Onun türk futbolunu təhqir etməsindən və bəzi hakimlərə hücum etməsindən narahatam. 14 il ərzində ilk dəfə olaraq özümü bu cür çıxış etməyə məcbur hiss etdim. 14 ildə 17 kubok qazanmışam. Verdiyim töhfələri nəzərə alaraq, daimi məqsədim türk futbolunu inkişaf etdirməkdir. Dörd ay əvvəl bura gəlmiş Mourinyo Türkiyə futbolunu tənqid edib, bəyənmirsə, çıxıb gedə bilər. Baxmayaraq ki, heç kim heç nə demir. Düşünürəm ki, indi kimsə ona nəsə deyə biləcək. Türkiyə futbolunu təbliğ edənlərə də azacıq diqqət yetirməliyik”, deyə Fernando Muslera vurğulayıb.
Xatırladaq ki, “Mour” bir müddət əvvəl Türkiyə çempionatındakı hakimliyi tənqid edərək demişdi ki, ona türk futbolu haqda bütün həqiqətlər deyilsəydi, bu çempionatda heç işləməzdi:

“Fənərbaxça” rəhbərliyini qınayıram. Mənə həqiqətin yarısını deyiblər. Gördüyüm reallıqlar daha pis idi. Hər şeyi izah etsəydilər, bura gəlməzdim. Futbolçularımla birlikdə həm rəqiblərimizə, həm də sistemə qarşı mübarizə aparırıq.

İşimlə və klubumla maraqlanıram. Əslində, ictimaiyyət buna əhəmiyyət verməlidir. Siz türklər baş verənləri ifadə etməlisiniz. Danışsam, ağzım bağlanacaq və sistem mənə hücum edəcək”.

Qeyd edək ki, Türkiyə Super Liqasının cari mövsümündə 11 oyuna 31 xal toplamış “Qalatasaray” vahid liderdir. Joze Mourinyonun çalışdırdığı “Fənərbaxça” isə 26 xalla 2-ci pillədə qərarlaşıb.

Seçilən
26
arena.az

1Mənbələr