AZ

Prezident Umaru Sisoku Embalo “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının fəxri üzvü seçilib

Noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakı şəhərində keçiriləcək COP29 Bakı İqlim Konfransının işində fəal iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının fəxri üzvü seçilib.
Tədbir öncəsi Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli yüksək qonağı salamlayaraq onun ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması üzrə qlobal səyləri dəstəkləmək öhdəliyinə sadiqliyini vurğulayıb. Görüşdə Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun jurnalın fəxri üzvü seçildiyini bildirib və fəxri üzvlük sertifikatını ona təqdim edib.
Sonra baş redaktor Emil Nəsirli xüsusi qeyd edib ki, Bakıda keçiriləcək COP29 konfransı iqlim dəyişmələrinə qarşı qlobal səylərdə əsas addımlardan biridir. Onun məqsədi iqlim dəyişmələri ilə bağlı problemlərin aradan qaldırılması üçün siyasi iradənin və lazımi maliyyə resurslarının səfərbər edilməsi, bu sahədə məqsədlərə nail olmaq üçün strategiyaların həyata keçirilməsidir. O, vurğulayıb ki, Konfransın Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi, iqlim dəyişmələrinə qarşı qlobal mübarizə üçün ekoloji texnologiyaların tətbiqi sahəsində ciddi geosiyasi oyunçuya çevrilməsindən xəbər verir.
Baş redaktor Emil Nəsirli onu da bildirib ki, “Azərbaycanım” beynəlxalq jurnalı 20 ilə yaxındır ki, maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. E.Nəsirli onu da qeyd edib ki, “Azərbaycanım” beynəlxalq jurnalı diaspor təşkilatları, yerli və beynəlxalq qurumlar, Azərbaycanın dostları olan nüfuzlu şəxsiyyətlər, ictimai-siyasi xadimlər ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində çoxşaxəli, səmərəli işlər görüb. Bunun nəticəsidir ki, “Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində geniş oxucu auditoriyası qazanıb.
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində işıqlandırılan rəngarəng materialları böyük maraqla izlədiklərini bildirib və fəxri üzv adına layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib.
Sonra Prezidenti Umaru Sisoku Embalo bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb və Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirib, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib. Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunulub, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident Umaru Sisoku Embalo vurğulayıb ki, COP29 emissiyaların azaldılması və iqlim risklərinin yumşalması üzrə qlobal məqsədlərə nail olmaq üçün zəruri olan yeni maliyyələşmə mexanizmlərinin işlənib hazırlanmasında və texnologiyaların tətbiqində mühüm addım olacaq.
Daha sonra görüşdə Qvineya-Bisau Respublikasının aparıcı kütləvi informasiya vasitələri ilə “Azərbaycanım” beynəlxalq jurnalı arasında informasiya mübadiləsi istiqamətində əlaqələrin genişləndirilməsi, bu əlaqələrin Qvineya-Bisau Respublikasının Azərbaycanda, ölkəmizin isə Qvineya-Bisau Respublikasında tanıdılması üçün zəruri vasitələrdən istifadə edilməsinə töhvə olacağının vacibliyi ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Seçilən
44
4
xalq.az

5Mənbələr