AZ

Əsrin anekdotu – Ermənistan nasizmə qarşı BMT sənədinin “həmmüəllifi” imiş!

Dünən xəbər lentlərində ilk baxışda adi, lakin əslində kifayət qədər ciddilik yükü olan bir məlumat keçdi: BMT Baş Assambleyasının üçüncü Komitəsi nasizmin tərənnümünə qarşı mübarizəyə dair qətnamə qəbul edib.

Sənədin tam adı belədir: “Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümü ilə mübarizə”.

Lehinə 116 dövlətin, əleyhinə isə 54 ölkənin səs verdiyi, 11 ölkənin nümayəndələrinin bitərəf qaldığı sənəd layihəsi Rusiya tərəfindən təqdim edilib və... diqqət: “Qətnamənin həmmüəllifləri ERMƏNİSTAN (seçdirmə bizimdir – Z.S.), Çin, Cənubi Afrika Respublikası, Şimali Koreya, Serbiya və bir necə başqa ölkədir”.

WhatsApp

Nonsens. Daha doğrusu, əsrin absurdu. Nədəni yəqin ki, aydındır.

Öz ərazisindən bütün aborigen xalqları, özəlliklə azərbaycanlıları qovaraq monoetnik dövlətə çevrilən, Türkə nifrətin heç vaxt səngimədiyi, “Türk” sözünün hətta təhqir sayıldığı, orta məktəb dərslikləri ksenofobiyanı, irqçiliyi təbliğ edən, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı, etnik təmizləmələr törədən və buna görə tükü belə tərpənməyən, “axırıncı türk kar-kor-lal da ölsə öldürülməlidir” irqçi şüarını özünün əsas amalı hesab eləmiş faşist Qaregin Njdeyə, digər terrorçu-cəlladlara və uşaq qatillərinə (“Nemezis” abidəsi, Tələt Paşanın qatili və s.) abidələr, heykəllər ucaldan, qısası, faşizmin rəsmi ideologiyaya çevrildiyi Ermənistan nasizmlə mübarizə haqda sənədin “həmmüəllifi” imiş!

WhatsApp

Erməni həyasızlığı həqiqətən sərhəd tanımırmış!..

Bu yerdə xüsusi qeyd edək ki, “Nemezis” abidəsi İrəvanda məhz indiki baş nazir Nikol Paşinyanın dövründə, keçən ilin aprelində qoyulub. Paşinyanın özü dəfələrlə Njdenin müdafiəsinə qalxıb, onu “milli qəhrəman” adlandırıb. Bu ilin yanvarında isə neofaşistlər Njdenin heykəli ətrafında yerli polisin neytrallığı fonunda nasist simvolunu nümayiş etdirməklə aksiya keçirmişdilər.

Rusiyanın özünə gəlincə, maraqlıdır ki, bu ölkənin XİN-i bir neçə il öncə Njde timsalında 2-ci Dünya Müharibəsinə aid irqçi-nasistlərin qəhrəmanlaşdırılmasına rəsmən etiraz bildirmişdi. Q.Njde və digər quldur-faşistlərin, insanlıq düşmənlərinin abidələri isə hələ də öz yerindədir...

WhatsApp

Üstəgəl, belə bir ölkə 4 ildir Azərbaycanla beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi bağlamaqdan yayınır. Çünki öz konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmaq istəmir. Ki, nə vaxtsa, münasib vaxtda təzədən Azərbaycana qarşı işğalçı müharibəyə başlasın, törətdiyi bəşəri cinayətləri, soyqırımlarını, etnik təmizləmələri təkrarlasın.

Daha bir səbəbə: Azərbaycan təcavüzkarı cəzalandırsa da, əfsus ki, dünyada söz sahibi olan bəzi havadar-dövlətlər hələ də onun başını tumarlayır. Demək ki, erməniləri növbəti cəzasızlıqlara və cinayətlərə sövq edirlər. Günah ortaqları kimi.

Ancaq Azərbaycan yaxın-ortaq tarixdən öz dərisini götürüb. Məsləhətdir ki, nə qədər gec deyil, maşa Ermənistan və onun ağaları da götürsün. Əks halda, kapitulyant ölkə yaşadığı müsibətləri təkrar yaşayıb yenə cəzasını alacaq...

Z.SƏFƏROĞLU

Seçilən
5
musavat.com

1Mənbələr