AZ

COP29 Azərbaycan üçün sonsuz imkanlar aça bilər - Emin Ağalarov

Bakı, TurkicWorld

COP29 Azərbaycan üçün sonsuz imkanlar aça bilər.

TurkicWorld xəbər verir ki, bunu Emin Ağalarov COP29 çərçivəsində jurnalistlərə bildirib.

"Mən COP29-a tamamilə heyran qalmışam. Tədbirin təşkili fantastik səviyyədədir. Bu gün burada, Bakıda 120-dən çox dövlət başçısı bir araya gəlib. Bu, məndə yalnız qürur hissi yaradır. Anlayıram ki, Azərbaycan belə böyük hadisə sayəsində hansı perspektivləri əldə edə bilər", – deyə E.Ağalarov bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının bir ölkədə toplanması ölkələr arasında təkcə siyasi deyil, həm də biznes məsələlərinin müzakirəsi üçün imkan yaradır.

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz bütün dünya arasında çoxfunksiyalı körpüyük. Azərbaycan Prezidenti İlham Əliyev "natural resources are a gift from God (təbii ehtiyatlar Allahın hədiyyəsidir)" deyib. Bu, ölkəmizə, liderimizə olan heyranlıq, sevinc və qürur hissini artırır və Azərbaycanın xalqımızın rifahı naminə qarşıdakı illərdə böyük müsbət perspektivlər əldə edəcəyini göstərir," – deyə Emin Ağalarov əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
18
5
turkic.world

5Mənbələr