Ötən gün “Turan Tovuz”dan ayrılan Cavid Hüseynov bu gün Premyer Liqanın digər təmsilçisi “Səbail”in baş məşqçi postuna təyin olunub.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
36 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Xəbərdə bildirilir ki, Hüseynov noyabrın 13-də, saat 18:00-da komanda ilə ilk məşqinə çıxacaq. Məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “Bayıl Arena”da brifinq təşkil ediləcək.
Xatırladaq ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubunda baş məşqçi Kurban Berdıyevin köməkçisi vəzifəsində çalışıb. Keçmiş futbolçu bu mövsümün əvvəlindən Tovuz klubunda çalışırdı. O, daha öncə özünün yaratdığı “Cəbrayıl” komandasında baş məşqçi olub, həmçinin “Şamaxı”da köməkçi-məşqçi kimi çalışıb.