AZ

Las Veqas Qran-Prisi iqtisadi rekorda doğru

Las Veqas noyabrın 23-də keçiriləcək “Formula-1” yarışına hazırlaşır.

İdman.biz xəbər verir ki, "Bloomberg" agentliyi ikinci ildə bu mərhələnin iqtisadi göstəricilərinin 2023-cü ildən daha yüksək olacağını proqnozlaşdırır.

Noyabrın 21-24-də şəhərdəki hotellərdə hələ də boş yerlər var və gecəsi 100 dollardan aşağı qiymətə kifayət qədər büdcə variantı tapmaq mümkündür. Amma yarış yolunun yaxınlığında yerləşən daha yüksək kateqoriyalı hotellərdə qarşıdan gələn həftəsonu üçün bir otaq 8 dəfə baha olacaq.

Vurğulanır ki, bu il Qran-Priyə hazırlıq prosesi 2023-cü illə müqayisədə ətrafdakılara daha az narahatlıq yaradır. Artıq şəhərdə yarışı müşayiət edəcək geniş mədəni proqrama və digər maraqlı tədbirlərə diqqəti yönəldən bilbordlar asılıb.

Xüsusilə "Caesars Palace" hotelinin ərazisində yerləşən "Colosseum" konsert zalında 16 "Grammy" mükafatına layiq görülmüş məşhur britaniyalı müğənni Adelin çıxışı olacaq. Həmçinin Las Veqasın əsas yeni attraksionlarından biri, dünyanın ən böyük LED ekranı olan "Sphere"də "Eagles"ın konserti yayımlayacaq - özü də əfsanəvi Amerika komandası gələn yaza qədər "Sphere" səhnəsində oynamağa davam edəcək.

Yarışa biletlər hələ də mövcuddur, amma deyilənə görə, yalnız yerli sakinlər üçün nəzərdə tutulan 99 dollarlıq ən ucuz, həmçinin ən bahalı biletlər qalıb. Məsələn, əgər kimsə 35 min dollar xərcləməyə hazırdırsa, bu qiymətə yarış yoluna baxmaqla məşhur britaniyalı aşpaz Qordon Ramseyin təşkil edəcəyi şam yeməyi də daxildir.

Debüt yarış zamanı fanatlar Las Veqasda ilin digər vaxtlarında Nevada ştatında yerləşən "Günahlar şəhəri"nə gələn turistlərdən orta hesabla 3,6 dəfə çox pul xərcləyiblər. Ümumilikdə, onlar orada 883 milyon dollar məbləğində xərcləyiblər ki, tamaşaçıların da 20%-i ABŞ-dən kənardan gəlmişdi.

Las-Veqas Qran-Prisinin təşkilatçılarının bildirdiyinə görə, ötən il yarışı 300 mindən çox insan izləyib və şəhər iqtisadiyyatı 1,5 milyard dollar birbaşa və dolayı gəlir əldə edib.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr