AZ

Azərbaycan və Polşa arasında iqtisadi sahədə mühim əməkdaşlıq mövcuddur - Duda

Azərbaycan və Polşa arasında iqtisadi sahədə mühim əməkdaşlıq mövcuddur.

Olaylar xəbər verir ki, bu barədə COP29-un keçirildiyi məkanda jurnalistlərə açıqlamasına Polşa Prezidenti Andjey Duda deyib.

"COP29-a ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Əliyevlə ikitərəfli görüşümüz oldu. Mən Prezident İlham Əliyevi Polşaya dəvət etdim. Ümid edirəm ki, gələn ilin yazında cənab Prezidentin bu səfəri baş tutacaq" - o bildirib.

O qeyd edib ki, iki ölkə arasında iqtisadi məsələlərdə mühim əməkdaşlıq mövcuddur.

"Ümidvaram ki, bu əlaqələr və bu əməkdaşlıq müxtəlif sahələrdə, xüsusilə də bərpa olunan enerji sahəsində möhkəmlənəcək",- deyə o bildirib.

A.Duda Bakıda keçirilən bu iqlim sammitinin açılışında iştirak etməyindən çox şad olduğunu qeyd edib.

"Konfransın təşkilatçılığı hamımızı heyran etdi. Burada ev sahiblərini, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirik. İqlim sammitinin təşkilində təcrübəmiz var və tam məsuliyyətlə deyə bilərəm ki, bu sammit yaxşı təşkil olunub", - o qeyd edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
4
olaylar.az

4Mənbələr