AZ

Emin Ağalarov: “Son bir il ərzində orada 5 milyondan çox ağac və bitki əkmişik” - MÜSAHİBƏ

Emin
İş adamı və musiqiçi, Azərbaycanın xalq artisti Emin Ağalarov bu gün Bakıda keçirilən COP29 sammiti çərçivəsində tədbirə qatılıb. 1news.az Emin Ağalarovadan müsahibə alıb.
- Bakıda keçirilən COP29 sammiti ilə bağlı təəssüratlarınız necədir? - Mən COP29-dan çox məmnunam. Bu, möhtəşəm təşkil olunmuş bir tədbirdir. 120 dünya lideri bir araya gəlib və bu, məndə qürur hissi yaradır. Belə bir tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin qlobal miqyasda hansı perspektivlərə sahib olduğunu göstərir. - Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etmək perspektivləri haqqında nə düşünürsünüz? - Perspektivlər çox genişdir. Dünyanın bu qədər lideri bir yerə toplaşanda yalnız siyasi məsələlər deyil, həm də biznes əlaqələri və yeni əməkdaşlıq imkanları müzakirə olunur. Cənab Prezidentin dediyi kimi, Azərbaycan Qərb ilə Şərq, Cənub ilə Şimal arasında çoxfunksiyalı bir körpüdür. Prezidentin təbii sərvətləri “Tanrının bir hədiyyəsi” olaraq qiymətləndirməsi də məni təsirləndirdi. Bakıda keçirilən COP29 sammiti, həmçinin ölkəmizin və liderimizin qlobal nüfuzunu artırır və Azərbaycana böyük gələcək perspektivləri vəd edir. - COP29 çərçivəsində işgüzar görüşlər keçirməyə imkanınız oldumu və belə planlarınız varmı? - Bu cür imkanlar daim mövcuddur. Biznes tərəfdaşları və investorlar gündəlik olaraq gəlir. Bu gün bir neçə liderlə görüşdüm, əvvəllər tanıdığım şəxslər idi. Onlara Sea Breeze-i təqdim etmək üçün şəxsən dəvət etdim və onlara ekskursiya keçirdik. - Bir çox layihə həyata keçirirsiniz. Bu layihələrdən hər hansı biri ekoloji cəhətdən təmizdir? - Ən böyük ekoloji təşəbbüsümüz Sea Breeze ilə bağlıdır. Son bir il ərzində orada 5 milyondan çox ağac və bitki əkdik. Gələcəkdə isə bu rəqəmi 25 milyona çatdırmağı planlaşdırırıq. Biz yaşıl şəhər konsepsiyasını tətbiq edirik. Həmçinin, davamlı enerji mənbələri ilə bağlı yenilikləri öyrənirik və enerji xərclərini optimallaşdıraraq, şəhərimizi ekoloji cəhətdən təmiz etməyə çalışırıq. Bu məqsədlə külək və günəş enerjisindən istifadəyə xüsusi diqqət yetiririk. Həmçinin, Sea Breeze ərazisində avtomobillər əvəzinə, elektrikli avtomobillər və qolf arabaları ilə səyahət etməyi təşviq edirik. Bu, sakinlərimizin həyatını ekoloji cəhətdən daha təmiz edir. Müəllif: Leyla Məmmədova Tərcümə: Qafar Ağayev Foto: Nadir İbrahimli
Seçilən
32
1
1news.az

2Mənbələr