AZ

Braziliyanın vitse-prezidenti: COP29-un qarşısında qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün yol açmaq vəzifəsi dayanır

COP29 Bakı İqlim Konfransının iştirakçılarının qarşısında tarixi öhdəliklərin yerinə yetirilməsi üçün yol açmaq vəzifəsi dayanır.

“İki sahil” xəbər verir ki, bu barədə Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin COP29 liderlərinin sammitində çıxışı zamanı bildirib.

“Biz bu gün Bakıda 1992-ci ildə Rio de Janeyroda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının imzalanması ilə başlayan diplomatik səyləri davam etdiririk. Hər bir addım ümumi ekoloji məqsədlərə çatmaq yolunda irəliləyişdir”, - o deyib.

Alkmin vurğulayıb ki, yeni kollektiv kəmiyyət hədəfi 1,5 dərəcə hədəfini əlçətan etmək üçün daha iddialı olmalıdır.

“Bakıda qarşımızda karbon bazarı üzrə danışıqları başa çatdırmaq və ötən il Dubayda keçirilən COP-28-də qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün zəmin yaratmaq vəzifəsi durur”, - o söyləyib.

Braziliya dövlət rəsmisinin sözlərinə görə, ölkəsi ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş liderdir və dayanıqlı inkişaf olmadan gələcəyin ola bilməyəcəyini dərk edir.

“Braziliya qarşısına 2035-ci ilə qədər tullantıların həcmini 2005-ci ilə nisbətən 67 % azaltmaq vəzifəsi qoyub. Əlbəttə, bu, çox iddialı məqsəddir, lakin buna nail olmaq olar”, - siyasətçi vurğulayıb.

Alkmin qeyd edib ki, COP29-un uğuru Braziliyanın gələn il ev sahibliyi edəcəyi COP30-un uğuru üçün əsasdır. “Həmçinin bu konfransların uğuru iqlim dəyişikliyi ilə mübarizə üzrə gələcək beynəlxalq səylərin əsasını təşkil edir. Bu gün nəticələr əldə etməsək, bu, gələcəkdə bizə baha başa gələcək”, - o əlavə edib.

Seçilən
10
2
ikisahil.az

10Mənbələr