AZ

BƏT-in Özbəkistanda keçirilən konfransında Azərbaycan nümayəndələri də iştirak ediblər

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Yeni sosial müqavilə: Avropa və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının baxışı” mövzusunda konfrans öz işinə başlayıb.

Əmək hüquqlarının qorunması və sosial ədalətin təmin olunması məqsədilə keçirilən tədbirdə Avropa və Mərkəzi Asiya ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və əmək məsələləri üzrə ekspertləri iştirak ediblər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbəri Həsən Cəfərov, AHİK sədrinin müşaviri Fuad Ələkbərov və baş mütəxəssis Tural Süleymanov da iştirakçılar arasında olub.

Həsən Cəfərov konfransda çıxış edərək Azərbaycanın əmək münasibətlərində əldə etdiyi uğurlardan, işçi hüquqlarının qorunması və əmək bazarında sosial ədalətin təmin olunması istiqamətində görülən işlərdən danışıb. O həmçinin ölkəmizdə sosial müqavilənin gücləndirilməsi və işçilərin rifahının yüksəldilməsi ilə bağlı atılan addımları da qeyd edib.
Konfrans çərçivəsində müxtəlif panellərdə əmək bazarının gələcək inkişaf perspektivləri, müasir texnologiyanın işçi qüvvəsinə təsiri, sosial dialoqun əhəmiyyəti və yeni sosial müqavilələrin yaradılmasının vacibliyi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

İştirakçılar Avropa və Mərkəzi Asiya regionlarında sosial siyasətin daha da gücləndirilməsi və işçilərin hüquqlarının daha effektiv şəkildə qorunması üçün yeni strategiyalar barədə fikirlərini bölüşüblər.

Konfrans öz işini davam etdirir.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

Seçilən
40
xalqqazeti.az

1Mənbələr