AZ

COP29 və “FIFA Elxan” məsələsi

Dünən FIFA-nın prezidenti Canni İnfantinonun Bakıya səfəri oldu. Prezident İlham Əliyevlə görüşən İnfantinonun vətənimizə təşrifi COP29 tədbiri ilə bağlı olsa da…

Xəbərə diqqət edək:

“Canni İnfantino BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Bakıya səfəri zamanı Canni İnfantinonu FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsini tutan Elxan Məmmədov müşayiət edib”.

***

Kiçik araşdırma apardıq və bundan əvvəlki COP tədbirlərinə hansısa futbol adlarının, təşkilatlarının qatılması hallarına az da olsa, rast gəldik, lakin məhz FIFA rəhbəri səviyyəsində iştirak rastımıza çıxmadı.

Bəs əcəba, İnfantino “FIFA Elxan” ləqəbi ilə tanınan Elxan Məmmədovu da yanına salıb (yaxud əksinə), Bakıya niyə gəlib? FIFA hara, COP hara? Ritorik sualdır…

İki ildir ki, arzulanmaz şəkildə ölkədən qaçaq düşən Məmmədovun FIFA-da vəzifə tutmasına rəğmən, adının xoş çəkilməməsi əbəs deyil. AFFA-nın uğursuz fəaliyyəti və çoxsaylı şübhəli məqamlar Məmmədovu ölkə futbolunda “persona non-qrata”ya çevirmişdi. Cəzalanması gözlənərkən, sanki “görünməz əl” onu FIFA-ya apardı.

Bu il aprelin 2-də AFFA prezidentliyinə və qurumun mühüm qərarverici orqanı olan İK-ya seçkilər ölkə futbolunda köklü dəyişikliklər və inkişaf haqda gözləntilər yaratsa da, xoş olmayan proseslər də gedir.

Onlardan biri də Elxan Məmmədovun AFFA-dakı himayəçisi Elşad Nəsirovun dəstəyi ilə yenidən ölkə futboluna qaytarılması planı və ya o ətrafda aparılan proseslərdir.

Maraqlıdır ki, İnfantinonun qarşılanma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və vitse-prezident Elşad Nəsirov iştirak ediblər. Fotodan da göründüyü kimi, Məmmədov və Nəsirov arxada, bir-biriylə ünsiyyətdədir, Hacıyev də İnfantino ilə…

Hacıyev yeni rəhbərlikdə Məmmədovun vəzifəsini daşıyır. Xatırladaq ki, AFFA-nın bundan əvvəlki prezidenti Rövnəq Abdullayevin dönəmində Elxan Məmmədovun köməkçisi kimi çalışan Sərxan bəy onun FIFA-ya “sürgünündən” sonra AFFA daxilində lokal “məxməri inqilab” etmiş və Məmmədovun boyunduruğundan qurtulmuşdu. Hətta tərəflər arasında bu mövzudan doğan kobud mübahisənin yaşandığı haqda məlumatlar dərc edilmişdi.

Elxan Məmmədov Sərxan Hacıyevi tabeliyində saxlaya bilmədiyi üçün onunla ünsiyyəti pozulmuşdu. Bu dirənişinə və fəaliyyətində hansısa nöqsan olmadığına görə assosiasiyanın yeni rəhbərliyi Hacıyevı jest edərək, məhz Məmmədovun icra etdiyi postlara təyin etmişdi.

Bəhs etdiyimiz səbəblər üzündən tərəflər arasında soyuq münasibət fotolardan da özünü büruzə verir.

Maraqlıdır ki, İnfantinonun qarşılanma mərasimində iştirak edən Sərxan bəy ölkə başçısı İlham Əliyevlə görüşdə yoxdur. Burada isə AFFA-nın prezidenti Rövşən Nəcəf və gənclər və idman naziri Fərid Qayıbov görünür. Protokol qaydalar gərəyi, görüşlərdə qurumun baş katibi də iştirak etməlidir, lakin bu, artıq neçənci belə haldır ki, Sərxan bəy “ofsayda salınır”.

Bu məqamda təkcə Elxan Məmmədov-Sərxan Hacıyev duelindən söhbət getmir, mövzunun təhlil spektri daha geniş əhatədədir.

Dəfələrlə vurğulamışıq, Elxan Məmmədovun FIFA-da “fiksasiyadan” keçib, yenidən AFFA-ya geri qaytarılması üzərində iş gedir. “Köhnə qvardiya” dinc dayanmır, verilən boşluqları öz xeyrinə doldurmağa çalışır.

Normal halda ölkə prezidentinin qəbuluna düşə bilməyəcək vəziyyətdə olan Məmmədov “planlı” şəkildə, İnfantinonun yanında qəbulda iştirak edir.

Təbii ki, bəhs edilən məqam əsas vermir ki, Məmmədovun geridönüşü barədə ciddi arqument olsun. Lakin irili-xırdalı cəhdlərin olduğu, “qarşı tərəf”in boş dayanmadığı görünür…

Elçin Cəlilov

Seçilən
33
futbolpress.az

1Mənbələr