Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının gələn həftə dondurulmuş Rusiya aktivlərinin Ukraynaya transferini müzakirə edəcəyini açıqlayıb.
Editor.az-ın məlumatına görə, Sikorski bildirib ki, gələn həftə xarici əlaqələr üzrə dramatik iclas baş tutacaq. Sikorski görüşün Ukraynaya maliyyə dəstəyi ilə bağlı olacağını da qeyd edib. Avropa İttifaqı və G7 ölkələri Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Rusiyanın təxminən 300 milyard avroluq valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurmuşdu. Bunun 200 milyard avrodan çoxu Aİ-də, əsasən də dünyanın ən böyük klirinq və hesablaşma sistemlərindən biri olan Belçikanın Euroclear şirkətinin hesablarında saxlanılır.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, NATO ölkələri hazırda təkcə Ukraynanın Qərbin uzaqmənzilli silahlarından istifadəsini müzakirə etmir, həm də Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməyəcəklərinə qərar verirlər. Bundan əlavə, Putin əlavə edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı münaqişənin mahiyyətini dəyişəcək və Rusiya özünə qarşı yaradılan təhlükələrlə bağlı qərarlar qəbul etməli olacaq. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını oğurluq kimi qiymətləndirib və Aİ-nin təkcə şəxsi fondları deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəf aldığını bəyan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın dondurulmuş Rusiya aktivlərinin Qərb tərəfindən müsadirə edilməsinə cavab verəcəyini vurğulayaraq, Rusiyanın Qərb ölkələrinin Rusiyada olan aktivlərini geri qaytarmamaq üçün imkanlarının olduğunu vurğulayıb.
//Gülnarə Abasova, Editor.az