AZ

“Kiyev Trampın təyinatlarından razı qalıb” - “Ukrayna tərəfdarları ehtiyatlı, lakin rahat nəfəs alıblar”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından konqresmen Maykl Uoltsu milli təhlükəsizlik müşaviri təyin etdikdən və Florida senatoru Marko Rubionu dövlət katibi seçməyi planlaşdırdığı barədə məlumatdan sonra Ukrayna tərəfdarları ehtiyatlı, lakin rahat nəfəs alıblar.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin “Politico” nəşri yazıb.

Nəşr yazır ki, hər iki şəxs Trampın “Öncə Amerika” xarici siyasət doktrinasına sadiqdirlər, lakin ABŞ-nin Çin, İran və Rusiya ilə münasibətinə gəldikdə “sərt şahinlərdir”. Onlar həm də Respublikaçılar Partiyasının Ukrayna və ya NATO-nu tərk etmək istəyən təcridçi qanadından uzaqdırlar.

Uolts daha əvvəl hətta Amerikanın Ukraynanın Rusiyanın dərinliklərinə raket zərbə endirməsinə məhdudiyyətləri aradan qaldırmasının tərəfdarı olduğunu deyib. Xatırladaq ki, Bayden administrasiyası Ukraynanı tam dəstəkləməsinə baxmayaraq, bu addımı atmayıb.

Respublikaçı xarici siyasət eksperti və Ukrayna dövlət qurumlarına məsləhətlər verən, eləcə də Kiyevdəki rəsmilərlə qarşılıqlı əlaqədə olan “Yorktown Solutions” şirkətinin prezidenti Daniel Vaydiç “Politico”-ya deyib: “Kiyev kifayət qədər sakitdir və bu günə qədər açıqlanan milli təhlükəsizlik rəsmiləri təyinatlarından tam razıdır. Kiyevin guya narahat olması ilə bağlı iddialar irəli sürənlər bunu öz məqsədləri üçün edir və Ukraynaya “ayı xidməti” göstərirlər”.

Jurnalistlərə danışan və adının çəkilməsini istəməyən Trampın keçmiş administrasiyasının rəsmisi isə deyib: "Trampın Ukraynanı satacağından narahat olan insanlara deyə bilərəm ki, onun əsas prioriteti bir növ ədalətli sülh tapmaqdır”.

“Politico” həmçinin qeyd edir ki, Trampın Nazirlər Kabinetinə son təyinatları onun Rusiyanın müharibə maşınını maliyyələşdirən enerji ixracı ilə bağlı daha sərt tədbirləri dəstəklədiyini göstərir: “Son müsahibələrində Uolts Bayden administrasiyasını Rusiyanın neft və qaz ixracatındakı boşluqları aradan qaldırmaq üçün kifayət qədər iş görmədiyinə görə tənqid edib”.

Bununla yanaşı, qəzetin yazdığına görə, bəzi yüksək vəzifəli avropalı məmurlar arasında narahatlıq var. Onlar qorxurlar ki, Trampın Ukrayna ilə bağlı əldə edə biləcəyi istənilən sülh sazişi müharibəni bitirməyəcək, ancaq Rusiyaya gələcək döyüşlər üçün yenidən güc toplamağa imkan verəcək.

“AzPolitika.info”

Seçilən
16
azpolitika.info

1Mənbələr