AZ

Parlamentari: COP29-a qarşı çıxanların başlarına niyə ağır daş olaraq düşdüyümüzü yaxşı bilirik

Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında önəmli məqamlara toxunub, mühüm açıqlamalar verib. Dövlət başçısı bildirib ki, əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Ölkə rəhbəri həmin dairələrə mesaj verib: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. Prezident vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi: "Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girdiklərini vurğulayan dövlət başçısı deyib ki, ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar".

Millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında deyib ki, cənab Prezident İlham Əliyev üç minə yaxın əcnəbi jurnalistin gözü qarşısında Azərbaycanı neft ölkəsi olmaqda ittiham edənlərə elə sərrast və öldürücü cavab verdi ki, əgər onlarda azacıq utanan sifət olsaydı, bir də bu mövzuya qayıtmazdılar.
Deputat vurğulayıb ki, təəssüf ki, onlar yenə qayıdacaqlar: 

"Azərbaycanlı" muzdluları da məsələn, ÜMD-də pay nisbətini xatırlatmaqla çalışacaqlar ki, bizdən 30 dəfə çox qara qızıl çıxaran ABŞ-nin deyil, məhz Azərbaycanın neft ölkəsi adlandırılmağa daha çox haqq etdiyini göstərsinlər. Halbuki burada söhbət neftin iqtisadiyyatdakı payından yox,  ekologiyaya təsirindən gedir. Məhz buna görə COP29-un Azərbaycanda keçirilməsinin doğru olmadığı vurğulanırdı. Mediası ən çox bu mövzunu qabardan ölkələrdən biri isə cənab Prezidentin öz nitqində adını çəkməsə də, açıqladığı faktdan kimdən söhbət getdiyi aydın duyulan, dünyada bir nömrəli neft istehsalçısı olan ABŞ-dir. Üstəlik, orada daha çox şist nefti çıxarılır ki, bu da ekologiya üçün klassik hasilatdan qat-qat təhlükəlidir. Ona görə də Azərbaycan Prezidenti onları özlərinə və qonşuluqlarında  bizdən 10 dəfə çox neft hasil edən ölkəyə baxmağa dəvət etdi ki, o da Kanadadır. ABŞ-nin qonşusu və xarici siyasətdə peyki rolunda çıxış edən Kanada dünyada neft istehsalına görə dördüncü, Azərbaycan isə 25-ci yerdədir".

Parlament üzvü qeyd edib ki, biz COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxanların, onu boykota səsləyənlərin başlarına niyə ağır daş olaraq düşdüyümüzü və nə vaxt düşdüyümüzü yaxşı bilirik: 
"Bu, Azərbaycanın neft ölkəsinə çevrildiyi ayda, yəni "Əsrin müqaviləsi"nin imzalandığı sentyabrda baş verib. Düzdür, o zaman, yəni 1994-cü ilin sentyabrında qlobal media fərqli mövqe tutmuşdu, neft hasilatını artıracağına, qərbdəkiləri yanacaqla təmin edəcəyinə görə  Azərbaycanın şəninə təriflər yağdırırdı. 2020 və 2023-cü ilin sentyabrında torpaqlarımızı işğaldan qurtarıb üzərində suverenliyimizi tam təmin etdikdən sonra isə yanaşma dəyişdi. Çünki bu, qərbdəkilərin maraqlarına qətiyyən cavab vermirdi və vermir. 
Ona görə də əgər sabah Müzəffər Ali Baş Komandanımızın vurğuladığı kimi Bakıda  il ərzində 250-dən artıq günəşli günün olmasında da bizi ittiham etsələr, buna təəccüblənməyəcəyəm və qoy etsinlər. Ölkəmizdə günəşli günlərin sayının çox olması əslində bizim karbohidrogen ehtiyatlarımızdan əldə etdiyimizdən daha artıq enerji deməkdir. Birinci enerji sayəsində necə torpaqlarımızı işğaldan qurtardıqsa, ikinci də bu zəfərimizin əbədiliyini təmin etməyimizdə böyük rol oynayacaq. Axı günəşin özü kimi enerjisi də əbədidir".
Seçilən
20
1
sherg.az

2Mənbələr