“Bir sıra qərb ölkələri tərəfindən COP29-un Azərbaycanda keçirilməsinə qarşı aparılan qərəzli kampaniya konfransın uğurlu startı ilə iflasa uğradı. COP29-da iştirakçılıq səviyyəsinin, marağın yüksək olması bir daha təsdiq edir ki, məlum qərəzli siyasət təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətin gələcəyinə yönəldiyi üçün qəbul edilməyəcək”.
Bunu hafta.az-a deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, COP29-a qlobal maraq çox yüksəkdir.
“Açılış mərasimi və müzakirə olunan məsələlər qlobal əhəmiyyət daşıyır. Məhz COP29 üçün maliyyə təminatının gücləndirilməsi, qlobal təşəbbüslərin sistemləşdirilməsi, xüsusən də inkişaf etmiş ölkələr tərəfindən maliyyə dəstəyinin verilməsi ilə bağlı aparılan müzakirələr ondan xəbər verir ki, Bakı qlobal çağırışlara töhfələrini davam etdirir”.
V.Bayramov hesab edir ki, COP29 dövlət rəhbərlərinin görüşləri, eyni zamanda müzakirələrin davam etdirilməsi baxımından çox vacib platformadır.
“Aparılan müzakirələr nəticə etibarilə qlobal və regional səylərin birləşdirilməsinə imkan verəcək. Bu bir daha təsdiq edir ki, COP29-un Bakıda keçirilməsi iqlim dəyişikliyi ilə bağlı qlobal gündəliyin müəyyənləşdirilməsinə imkan yaradır".