AZ

Bakının təmizliyi və gözəlliyi məni valeh etdi - Tokionun qubernatoru

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizin paytaxtına səfərə gələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru xanım Yuriko Koike Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Belə ki, xanım Yuriko Koike Bakının təmizliyi və gözəlliyinin onu valeh etdiyini vurğulayaraq, Azərbaycanda olmağından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib. Qonaq həmçinin, Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyini xüsusilə qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiya nümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərək paytaxt Bakı şəhəri barədə məlumat verib. O, bildirib ki, bu gün Bakı və regionların inkişafı ölkə başçısı Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
34
21
milli.az

10Mənbələr