AZ

İsrail Türkiyəyə hücum etmək iqtidarındadır: Gülər həyəcan təbili çalır  


Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, İsrail bu ölkəyə hücum etmək iqtidarındadır və buna görə də onun müdafiəsini gücləndirmək lazımdır.

Musavat.com xəbər verir ki, nazir əlavə edib ki, bu ölkənin aqressiv planları baxımından prezident Rəcəb Tayyib Ərdoğanla həmfikirdir.

Türkiyə lideri iddia etmişdi ki, İsrailin bölgədəki hərəkətləri son nəticədə “böyük İsrail” layihəsinin bir hissəsi olaraq Türkiyə və onun ərazisinə yönəlib.

"...Hesab edirəm ki, prezidentimiz haqlıdır. Bizə dinc vaxtda da güclü arxa lazımdır. Bu səbəbdən prezident buna diqqət yetirir. Və belə riskləri görməsəydi, onlardan danışardı? Təbii ki, İsrail hücum etmək iqtidarındadır və buna görə də biz hər zaman müharibəyə hazır olmalıyıq”, – Gülər TV100-ün efirində deyib. 

Onun sözlərinə görə, ölkənin hərbi-siyasi rəhbərliyi hazırda vəziyyəti dəyərləndirir, planlar üzərində işləyir, eyni zamanda Türkiyə sülh içində yaşamaq istəyir.

Qeyd edək ki, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar fonunda Türkiyə-İsrail münasibətləri indi nəzərəçarpacaq dərəcədə pisləşib. Türkiyə hakimiyyəti müntəzəm olaraq İsraili müharibə cinayətlərində, Fələstin xalqının soyqırımında ittiham edir, həmçinin BMT-dən yəhudi dövlətinə silah embarqosu tətbiq etməyi tələb edir. Eyni zamanda, KİV-in məlumatına görə, hər iki ölkə bir sıra əsas malların ticarətini davam etdirir.

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr