AZ

COP29-u iqlim maliyyəsində dönüş nöqtəsi kimi görürük - Türkiyəli nazir

Biz hazırda qlobal miqyasda konkret addımların atılacağına dair gözləntilərin ən yüksək olduğu COP iclaslarından birini keçiririk. Türkiyə olaraq hesab edirik ki, builki sammitin gündəliyi maliyyəyə çıxışı olmayan ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.

Day.Az xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Türkiyənin iqlim baxışı" adlı tədbirdə söyləyib.

Onun sözlərinə görə, Türkiyə aidiyyəti qurumları ilə birlikdə bir ildir ki, COP29-a intensiv hazırlaşır.

"İqlim maliyyəsinə çıxışın asanlaşdırılması daha ədalətli dünya üçün vacibdir. Türkiyə olaraq COP29-u iqlim maliyyəsində dönüş nöqtəsi kimi gördüyümüzü bildiririk. Növbəti on gün ərzində biz iqlim maliyyəsinin yeni hədəflərini müəyyən etməyə çalışacağıq. Təbii ki, COP29 ölkələrin iqlim böhranı ilə bağlı nə etdiklərini görmək baxımından mühüm əhəmiyyətə malik bir sammitdir. Çünki Paris razılaşması ilə yeni dövrə qədəm qoyan ölkələrin şəffaflıq hesabatları bu sammitin ən mühüm mövzularından biridir", - deyə M.Kurum vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
29
9
day.az

10Mənbələr