AZ

Qalib gələcəkdir cahanda kamal!

COP29-a gedən yolda “Türk ailəsi” üzvlərinin dəstəyi danılmazdır 

Bildiyiniz kimi, Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya doğru gedən yaşıl kabel layihəsinin indi texniki-iqtisadi əsaslandırmasının sonuncu mərhələsidir. Texniki-iqtisadi əsaslandırma hazır olan kimi biz prosesə başlayacağıq. Biz artıq praktiki cəhətdən bu kabelin Mərkəzi Asiyaya qoşulması imkanını da müzakirə edirik... Çünki layihə Qara dəniz kabel xətti kimi, yəni Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinədək uzanan layihə kimi başlamışdır. Biz layihəni Xəzər dənizinə qədər genişləndirdik və indi biz onu daha da, Xəzərin şərq sahilinə – Qazaxıstana qədər genişləndiririk.

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışından 

Bakı, 23 aprel 2024-cü il 

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimini televiziya ilə izləyəndə xəyal məni çox uzaqlara apardı. Qeyri-ixtiyari olaraq ustad şairimiz Səməd Vurğunun 55–60 il əvvəl böyük həyəcan və narahatlıqla qələmə aldığı “Qalib gələcəkmi cahanda kamal?” sualına cavab vermək istədim: Bəli, ustad, cahanda kamal qalib gəlir. 

Paytaxtımızdan bir andaca dünyanın hər yerinə yayılan bu möhtəşəm beynəlxalq tədbirin məhz rəsmi Bakının istədiyi şəkildə baş tutması Azərbaycan liderinin planetar qələbəsidir. Bu prosesdə qalib gələn ali idrak, mütərəqqi təfəkkür və misilsiz kamal oldu. 

Həmin keyfiyyətlərin hamısının daşıyıcısı olan lider bədxahlarımızın bütün badalaqlarına baxmayaraq, öz qətiyyəti ilə Haqq yolunda büdrəmədi. Azərbaycan Prezidenti noyabrın 12-də Ermənistan və Fransa istisna olmaqla az qala dünyanın bütün ölkələrinin müxtəlif səviyyəli nümayəndələrinin iştirakı ilə Bakıdan dörd qütbün hamısına körpü saldı. 

Dünyanın hər yerindən gələn dövlət və hökumət rəhbərlərinin qarşılanması zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə BMT-nin Baş katibi Antonio Quterreşin yanaşı dayanması bir qürurverici məqam idisə, Liderlər Sammitinin açılış mərasiminin keçirildiyi zalda Azərbaycanın Dövlət Bayrağının BMT Bayrağı ilə yanaşı “dayanması” başqa iftixar mənbəyi idi. 

Yeri gəlmişkən, cənab Antonio Quterreşi Bakıya gətirən təyyarə paytaxtımızda yerə enəndə qocaman həmkarlarımızın biri dedi ki, ulu öndər Heydər Əliyev də düz otuz il əvvəl – 1994-cü il oktyabrın 31 də BMT-nin o zamankı Baş katibi, mərhum Butros Butros Qalinin müharibə şəraitində olan Azərbaycana gəlməsinə nail olmuşdu. Onda mən cavab verdim ki, mərhum Butros Qali Bakıya tək gəlmişdi, Antonio Quterreş isə BMT üzvü olan ölkələrin demək olar ki, hamısının nümayəndələri ilə birlikdə gəldi. 

Liderlər Sammitinin keçirildiyi zalın ön sırasına nəzər salanda isə başqa bir qürurverici məqama şahidlik etdik. Ön sırada Türkiyə Cümhuriyyətinin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Macarıstan dövlətlərinin ali liderlərini görmək olduqca xoş idi. Çünki bu adamlar daim Azərbaycanın yanında olmaqla bərabər, qlobal istiləşməyə, iqlim dəyişmələrinə, təbii fəlakətlərə qarşı apardığımız mübarizələrdə də daim yanımızdadırlar. 

Fəxrlə deyə bilərik ki, Türk dövlətləri ilə əməkdaşlığımız zamanı ekoloji problemlər həmişə gündəlikdə olub. Bəzi konkret faktları yada sala bilərik. Məsələn, 2021-ci il oktyabrın 12-də Azərbaycanla Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanmışdı. Həmin gün ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Ətraf mühit və şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdu. Həmçinin “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş”in tətbiqi üzrə ikiillik İş Proqramı imzalanmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, həmin proqram tərəflərin istədiyi şəkildə icra olunmuşdur. 

Yaxud iki il əvvəl oktyabrın 10-da Azərbaycanla Qazaxıstan arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdu. Belə ki, həmin gün ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikasının ekologiya, geologiya və təbii sərvətlər naziri Serikkali Berekeşef ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında keçirilən görüşdə – “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclası çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdu.

Başqa bir fakt. Bu il avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanan Azərbaycan – Özbəkistan sənədlərinin üçüncüsü “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024–2026-cı illər üzrə Fəaliyyət Planı”idi. 

Bu istiqamətdə olan ən yeni məlumatlardan birində deyilir ki, Qırğızıstanın Ekologiya Nazirliyi COP29-u əməkdaşlığı genişləndirmək imkanı kimi qiymətləndirir. Bu qardaş ölkənin Ekologiya, Təbii Sərvətlər və Texniki Nəzarət Nazirliyinin iki gün əvvəl yaydığı məlumatında deyilir ki, Bakıda başlayan COP29 iqlim konfransının gündəliyinə iqlimin maliyyələşdirilməsi və iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri ilə bağlı məsələlər daxildir: “Konfrans dünyanın hər yerindən 70 mindən çox iştirakçını, o cümlədən 198 ölkənin nümayəndəsini və 150-yə yaxın pavilyonu cəlb edib. Konfransın əsas aspektlərindən biri iqlimin maliyyələşdirilməsinin müzakirəsi olacaq. Çünki ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün əhəmiyyətli vəsaitə ehtiyac duyurlar. İqlim dəyişikliyinə qarşı həssaslığı yüksək olan ölkə kimi Qırğızıstan beynəlxalq dəstəyə arxalanır”.

Daha çox qabardılmalı məqam isə ondan ibarətdir ki, Qırğızıstan hökuməti Bakıda keçirilən tədbirə öz milli töhfəsində aşağı karbon transformasiyası üçün əsas istiqamətləri müəyyən edib: “Qırğızıstan COP29-da iştiraka əməkdaşlığı genişləndirmək və iqlim üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan iqlim maliyyəsinə çıxış əldə etmək imkanı kimi baxır”.

Xatırladaq ki, bu gün (noyabrın 13-də) COP29 konfransı çərçivəsində Qırğızıstan, Azərbaycan və Monqolustanın “Yüksək səviyyəli dialoq: dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişikliyi mövzusunun aktuallaşdırılması” adlı birgə tədbiri təşkil olunacaq.

Təbii ki, Macarıstan da cənab Viktor Orbanın rəhbərliyi ilə özünəməxsus addımlar atır və xüsusən, Türk Dövlətləri Təşkilatının fəaliyyətində olduqca fəal və səmimi mövqe nümayiş etdirir. Elə bu dost ölkənin Azərbaycandakı səfiri Tamaş Torma da ADA Universitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumda öz dövlət başçısının mövqeyini ortaya qoyub: “İnnovativ kənd təsərrüfatı və qida sənayesi iqtisadi sarsıntılara və hazırkı istehsala birbaşa təsir göstərən təbii amillərə daha dayanıqlı olmalıdır”.

Xatırladaq ki, ADA Universitetində Macarıstan, İtaliya və Qazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpozium keçirilmişdir. 

Bu sətirləri Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müasir dünyanın gündəliyində mühüm yer tutan məsələ haqqında söylədiyi fikirlərlə tamamlayırıq: “Ekoloji problemlər bəşəriyyətin ortaq problemidir və həlli əməkdaşlıq tələb edir”. 

Qardaş ölkənin dövlət başçısı əlavə edib ki, biz tullantıların idarə olunması, iqlimə uyğun texnologiya, enerji resurslarından istifadə, hava, su və torpağın keyfiyyətinin yaxşılaşdırılması, “Daha yaşıl, daha təmiz Türkiyə” üçün ölkə daxilində meşəsalma kampaniyaları və planlaşdırılan urbanizasiya ilə bağlı mühüm işləri sürətlə davam etdiririk: “Təbii sərvətlərin qorunması üçün həyata keçirilən layihələr, planlaşdırılan urbanizasiya səyləri, ağaclaşdırma kampaniyaları və ətraf mühitin çirklənməsinin qarşısının alınmasını dəstəkləyirik. “Türkiyə əsri”nin qurulması üçün qədim mədəniyyətimizdən ilham alan bir anlayışla ətraf mühitlə bağlı səylərimizi davam etdirəcəyik”.

... Elə Azərbaycan da anamız Yer kürəsinin ən ağrılı problemlərinə əlac tapmaq üçün dünyanın bütün ölkələrinin təmsilçilərini öz paytaxtına cəm edəndə məhz qədim mədəniyyətimizə, adət-ənənələrimizə və milli təfəkkürümüzə istinad edirdi.

Bu tarixi və möhtəşəm tədbir münasibətilə xalqımızı və dövlətimizi təbrik edirik! Qalib gələcəkdir cahanda KAMAL! 

İttifaq MİRZƏBƏYLİ 

 

 

Seçilən
20
xalqqazeti.az

1Mənbələr