AZ

Yaşıl İqlim Fondunun direktoru: İqlim dəyişikliyi ilə mübarizə üçün ayrılacaq vəsaitin əlçatanlığı vacibdir

"İqlim maliyyəsi üzrə əsas prioritetimiz qlobal öhdəliklərimizin təminatıdır. Bu məqsədlə nəzərdə tutulan 16 milyard dollardan 6 milyardı artıq inkişaf etməkdə olan kiçik ada dövlətlərinə ayrılıb".

APA-nın xəbərinə görə, bunu Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duarte İnkişaf Etməkdə olan Kiçik Adaların İqlim Dəyişmələrinə həsr olunmuş Liderlər Sammitində bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi fond iqlim dəyişikliyi ilə mübarizə üçün ayrılacaq vəsaitin əlçatanlığını vacib sayır: "İqlim maliyyəsi üzrə əsas prioritetimiz qlobal öhdəliklərimizin təminatıdır. Nəzərdə tutulan 16 milyard dollardan 6 milyardı artıq inkişaf etməkdə olan kiçik ada dövlətlərinə ayrılıb. Vəsaitin ayrılması barədə qərar yalnız ehtiyacların qiymətləndirilməsinə əsaslanır. Fici, Barbados və Yamaykanın dövlət bankları da bizim vəsaitlərdən yararlanıb. Söhbət 100 milyard dollarlıq ümümi büdcə vəsaitindən gedir. Son olaraq bu vəsaitdən Barbados Adaları yararlanıb. Biz eyni zamanda burada müəyyən olunacaq vəsaitin əlçatanlığının təminatını vacib sayırıq. Biz eyni zamanda digər fondlarla birlikdə kiçik ada dövlətlərinə dəstəyi artırmaq istəyirik. Hazırda planetimizdə baş verənlər qətiyyən qəbuledilməzdir".

İtki və Zərərlərə Cavab Verən Fondun icraçı direktoru İbrahima Şeyx Diong bu fondun iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən hər bir ölkənin səsini eşitməyə hazır olduğunu bəyan edib: "Bakıya gələn kimi mən insanların bizim fond barədə məlumatlı olmasından çox sevindim. İqlim dəyişikliyinə məruz qalan ölkələrin üzləşdiyi hadisələr onların taleyidir. Biz bu barədə daha əvvəl də müzakirələr aparmışıq. Eyni zamanda yaxşı başa düşürük ki, bu sahədə görülməli olan tədbirlər gözləmir. Hazırda iqlim dəyişikliyi səbəbindən təhlükə ilə üzləşən ölkələrdə insanlar kömək gözləyir. Dünya bu sahədə irəliləyişə nail olmaq üçün öhdəlik götürüb. 720 milyard dollar iqlim zərərlərinin təsirlərini aradan qaldırılması məqsədilə istifadə olunmalıdır. Əminəm ki, Azərbaycanın liderliyi ilə biz bu sahədə tərəqqi əldə edəcəyik. Bunun üçün indiyədək mövcud olan fondların təcrübəsindən yararlanmalıyıq. Üzərimizə götürdüyümüz öhdəliklər daha dayanıqlı qərarların verilməsini tələb edir. Mən Seneqalda, susuzluq və yoxsulluq şəraitində yaşamışam. O zaman ölkəmizə verilən dəstək bizi qürurlandırırdı. Mən İtki və Zərərlərə Cavab Verən Fondun rəhbəri kimi bildirirəm ki, rəhbəri olduğum fond iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən hər bir ölkənin səsini eşitməyə hazırdır. Biz bəşəriyyəti və milyonlarla insanı məhz belə xilas edə bilərik".

Seçilən
25
apa.az

1Mənbələr