AZ

Ekspert: Ekoloji təmiz nəqliyyat növü günün reallığıdır

Elektrobusların istehsalına başlanılır

Ölkəmizin avtobus parkının yenilənməsi, ictimai nəqliyyatda çoxnövlülüyün artırılması istiqamətində daha bir vacib addım atılıb. Azərbaycan hökuməti ilə Çinin “BYD Company Limited” şirkəti arasında ölkəmizdə elektrik avtobusları istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi”nin imzalanma mərasimi keçirilib. Müqaviləni iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə icraçı direktoru Çao Şuan, SARDA Group şirkətinin təsisçisi, baş icraçı direktoru Rauf Xəlilov və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması nəzərdə tutulur. Şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli BYD markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev layihənin əsas məqsədinin ölkəmizin ictimai nəqliyyat sistemini daha təmiz və səmərəli elektrik avtobuslarla təmin etmək və yerli istehsal potensialını genişləndirmək olduğunu vurğulayıb. Qeyd olunub ki, layihənin icrası Azərbaycanda yaradılacaq yeni istehsal sahələrində yüksək texnologiyaların tətbiqinə şərait yaradacaq, yeni iş yerlərinin açılmasını təmin edəcək. Bildirilib ki, COP29 çərçivəsində müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha sübut edir. Elektrikli avtobuslar Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq birgə müəssisədə istehsal ediləcək. Bu məqsədlə təqribən 17.1 mln. ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması, 600 yeni iş yerinin yaradılması planlaşdırılır. Şirkət gələcəkdə elektriklə işləyən yüngül yük maşınlarının, kommunal xidmətlər üçün elektrik maşınlarının və elektrikli minik avtomobillərinin istehsalı üzrə əməkdaşlıq etməyi hədəfləyir.

Yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd edib ki, enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması əsas hədəflərdən biridir və elektrikli avtobusların xəttə buraxılması bu məqsədə xidmət edir: 

- İctimai nəqliyyatın çeşidli növləri, yəni, bir növ yox, təkcə təbii yanacaqla işləyən növ yox, fərqli növlər olmalıdır. Elektrobusların ekologiyaya faydası, atmosferə daha az zərərli qaz emissiyaları ötürdüyü mıəlumdur. Elektrobusların ictimai nəqliyyatda istifadəsinin artırılması da, başlıca olaraq bu məqsəd daşıyır. Xatırladım ki, 2015-ci ildən etibarən təbii sıxılmış qazla işləyən avtobuslar xəttə buraxılıb, dizellə işləyənlərin isə xətdən çıxarılmasına başlanılıb. 2022-ci ildən isə ictimai nəqliyyat şəbəkəsinə yeni dizel avtobuslarının  daxil olması ümumiyyətlə qadağan edildi. Və ictimai nəqliyyatda elektorobuslardan istifadə ilə bağlı qərar verildi.  İndi isə yerli istehsala qərar verilib və 2025-ci ildə yeni zavod tikiləcək. İlkin mərhələdə əlbəttə, yığma olacaq. Amma sonra lokallaşma yönündə qərar verilə bilər. Siz istənilən ölkəyə baxsanız, lokallaşdırma faizi müxtəlifdir. Elə ölkələr var, avtomobil hissələri istehsal edirlər, elələləri var, ehtiyat hissələri idxal edirlər. Çalışmaq lazımdır ki, idxaldan asılılıq azalsın. İstənilən halda ictimai nəqliyyatda çoxnövlülük olmalıdır, şaxələndirmə mütləqdir. 

R.Ağamirzəyev qeyd etdi ki, elektrobus günün reallığıdır: 
- Hesab edirəm ki, elektrobuslar şəhər  nəqliyyatının yükünü götürə bilər. Ona alternativ növ trolleybus ola bilər. Trolleybuslar da elektriklə işləyir. Nəqliyyat vasitəsinin uzun ömürlü olması isə necə istifadə edilməsindən asılıdır. Əgər həddindən artıq yüklənəcəksə tez sıradan çıxacaq. Əlbəttə, relsli nəqliyyatın önəmi daha yüksəkdir. Çünki daha çox sərnişin daşınmasına imkan verir və daha uzun müddət istifadə etmək olur.
Seçilən
31
sherg.az

1Mənbələr