“Fortune” jurnalı “İş dünyasında ən güclü 100 insan” siyahısını dərc edib.
News24.az xəbər verir ki, siyahıya yaşı 30-dan 90-a kimi dəyişən 40 sənayenin lideri daxildir.
Siyahının başında Tesla-nın baş direktoru İlon Mask qərarlaşıb. Bildirilir ki, Maskın "geniş baxışı və mühəndislik intuisiyası" onu bir çox sənayedə tanınan liderə çevirib.
Siyahıda Maskın şirkətləri olan SpaceX və Neuralink-in uğurlarına diqqət çəkilir. Maskın siyasətə getdikcə daha çox vaxt ayırdığı və Donald Trampın ən gözə çarpan tərəfdarlarından birinə çevrildiyi vurğulanır.
Qeyd edək ki, siyahıda ikinci yerdə olan Nvidia-nın qurucusu və icraçı direktoru Jensen Huangın öz şirkətini süni intellekt bumunun ən əhəmiyyətli oyunçularından birinə çevirdiyi vurğulanıb. Nvidia-nın bazardakı üstünlüyünün səhmlərini rekord səviyyələrə çatdırdığı, bazar dəyəri 3 trilyon dolları aşan şirkəti dünyanın ən dəyərli şirkətlərindən biri etdiyi qeyd edilib və Huang'ın bu qiymətləndirmədəki təsiri diqqətə çatdırılıb.
Üçüncü yerdə isə Microsoft-un baş direktoru Satya Nadella qərarlaşıb. Nadellanın 10 il ərzində Microsoft-u iki böyük transformasiyadan, yəni bulud və süni intellektdən uğurla keçdiyi və OpenAI-a uzaqgörən ilk sərmayənin Microsoft-un bazarı ilə özünü texnologiya sənayesinin ən yüksək səviyyələrində yerləşdirməyə kömək etdiyi bildirilir.
Dördüncü yerdə Berkshire Hathaway-in baş direktoru Uorren Baffet, beşinci yerdə isə ABŞ-ın ən böyük banklarından biri olan JPMorgan Chase-in baş direktoru Ceymi Dimon qərarlaşıb.
Apple-ın baş direktoru Tim Kuk altıncı, Meta-nın baş direktoru Mark Zukerberq yeddinci, OpenAI-nin baş direktoru Sem Altman səkkizinci, General Motors-un baş direktoru Meri Barra doqquzuncu, Alphabet-in baş direktoru Sundar Piçay isə onuncu olub.
Günel Məlikzadə