Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauço "Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib.
Hurriyyet.Az Oxu.Az-a istinadla xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb, onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.
Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib.