"Football-plus.az" xəbər verir ki, bu sözləri “Səbail”in yeni baş məşqçisi Cavid Hüseynov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
O, komandasının hazırkı məqsədinin premyer-liqada qalmaq olduğunu bildirib:
“Reallıq odu ki, məqsədimiz bu il premyer-liqada qalmaqdı. Çalışacağıq ki, maksimum dərəcədə bunu yerinə yetirək. Həm yaxşı oyunla, həm də mübariz bir komanda ilə tapşırığın öhdəsindən gəlməyə çalışacağıq”.
Mütəxəssis komandanın potensialının olduğunu qeyd edib:
“Turan Tovuz”da köməkçi məşqçi kimi çalışırdım. “Səbail”ə gəlməmişdən öncə məsləhətləşdiyim insanlar da oldu. Komandanın potensialına inanmasaydım, gəlməzdim. Bu komandanın oyunlarını rəqib olaraq analiz etmişəm. Komandanın potensialı çox şeydən xəbər verir”.
Hüseynov “Səbail”i tezliklə aşağı pillələrdən qurtarmağa çalışacağını söyləyib:
“Hazırkı mövqeyimizdən razı deyilik. Maksimum dərəcədə az vaxt ərzində çalışacağıq turnir cədvəlində daha üst pillərə qalxaq və yerimizi möhkəmləndirək. Hər bir iş çətindir. Bu çətinliyin öhdəsindən gəlmək də insana xas olan xüsusiyyətdi. Çətinlikləri sevirəm. Problemlər olsa belə, gözümü heç nə qorxutmur”.
Komandanın strategiyası barədə sualı “Səbail”in yeni çalışdırıcısı belə cavablandırıb:
“İlk öncə premyer-liqada qalmalıyıq. Ondan sonra hər hansı strategiyadan danışmaq olar”.