AZ

“Yaşıl” keçid qlobal ekoloji böhrandan xilas yoludur

Bu gün Azərbaycanın bütün dünyaya bəlli olan “yaşıl” gündəliyi, əslində, COP29-a respublikamızın evsahibliyi etmək qərarı veriləndən xeyli əvvəl icra olunmağa başlanıb. Son illərdə xarici tərəfdaşlar və sərmayədarlarla “yaşıl” keçid üzrə nəhəng layihələrə start verilib. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimindəki çıxışında da bu barədə ətraflı bəhs edib. Dövlət başçısı Azərbaycanın “yaşıl” gündəliyi haqqında danışarkən respublikamızın bərpaolunan enerjidə texniki potensialının quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil etdiyini, ötən il BƏƏ-nin Masdar şirkətinin 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını gerçəkləşdirdiyini, Səudiyyə Ərəbistanının isə “Acwa Power” şirkətinin isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikdiyini diqqətə çatdırıb.

Azərbaycan lideri daha sonra deyib: “COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək”.

Yeri gəlmişkən, noyabrın 12-də COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) təməlqoyma mərasimi keçirilib. Bununla da layihə fəal tikinti mərhələsinə qədəm qoyub. Energetika Nazirliyinin məlumatına əsasən, adıçəkilən GES işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənayemiqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Stansiyanın layihəsi ilə bağlı icra müqaviləsi 2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanıb.

Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında investisiya müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında torpaq icarəsi müqaviləsi” imzalanıb. Sonra rəmzi olaraq stansiyanın ilk günəş panelinə imza atılıb.

Qeyd edək ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda inşa olunacaq “Şəfəq” GES-də il ərzində, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da illik 120–150 milyon kubmetr təbii qaza qənaət etmək və 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.

Virtual enerji ötürülməsi mexanizmi çərçivəsində stansiyada istehsal olunacaq enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına yönəldiləcək. Bununla da terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpaolunan enerjidən istifadə ediləcək. Bu da BP-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcək. Eyni zamanda, adıçəkilən GES-in fəaliyyətə başlaması ilə şirkətin regiondakı əməliyyatlarında ümumi emissiyaları 11 faiz azalacaq.

Mütəxəssislərin fikrincə, inteqrasiya layihəsi olan “Şəfəq” GES elektrik enerjisi hasil etmək üçün Səngəçal terminalında qazdan istifadəni azaltmağı şərtləndirəcək, eyni zamanda, həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.

Beləliklə, gələn ilin sonunda istismara verilməsi nəzərdə tutulan “Şəfəq” GES postsovet məkanında ilk ən böyük günəş elektrik qurğusu kimi tarixə düşəcək və Xəzərin coğrafi məkanında ən böyük, eləcə də dünya üzrə ilk beşliyə daxil olan Səngəçal terminalının elektrik təchizatı tam olaraq “yaşıl” enerji hesabına ödəniləcək.

Onu da xatırladaq ki, səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olan bu layihəyə, təxminən, 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılacaq. Stansiya Cəbrayıl şəhərindən 5–10 kilometr məsafədə, təxminən, 802 hektarlıq ərazini əhatə edəcək. Layihə çərçivəsində tikinti işləri, təqribən, 18 ayadək davam edəcək.

Beləliklə, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. Ərəb ölkələrinə məxsus “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında 3 mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyənləşdirilib. Günəş və külək enerjisi stansiyalarının tikintisinin investisiya təminatını bütünlüklə ərəb şirkətlərinin həyata keçirəcəyi qərara alınıb.

Mütəxəssislərin hesablamalarına görə, Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə imzalanan müqavilələrin– ilk dəfə xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kubmetr qaza qənaət ediləcək, atmosferə 600 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısı alınacaq, habelə yüzlərlə yeni iş yerləri yaradılacaq.

Avstraliyanın “Fortescue Future Industries” şirkəti də Azərbaycanla “yaşıl” enerji sahəsində yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın bərpaolunan enerji sahəsində yüksək potensialı qitə ölkənin şirkətini belə bir qənaətə gəlməyə vadar edib. Belə ki, adıçəkilən şirkət Azərbaycanın elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırmaq və Avropaya “yaşıl enerji” nəql etmək niyyətindən yaxşı xəbərdardır. Bu səbəbdən də Avstraliya şirkəti həm Avropaya “yaşıl enerji”nin nəqli yolları, həm də respublikamızda dekarbonizasiya üçün bərpaolunan enerjinin istifadəsində maraqlıdır.

“Fortescue Future Industries” şirkəti bərpaolunan enerji mənbələri və ekoloji təmiz hidrogen istehsalı ilə əlaqədar potensial layihələrin reallaşdırılması məqsədilə ən uyğun yeri müəyyənləşdirmək üçün qarşıdakı müddətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcək.

Şirkətin yaydığı məlumata əsasən, Azərbaycanın mövcud boru kəmərləri ilə Avropaya “yaşıl” enerjinin nəqli üçün ideal coğrafi mövqeyi və birləşdirici kabelləri var. Hazırda bütün bu imkanların Azərbaycanla Avropa İttifaqı arasında müzakirəsi davam edir.

Prezident İlham Əliyev 29-cu iqlim sessiyasının Liderlər Sammitinin açılış mərasimindəki çıxışında “yaşıl” enerjinin ixrac bazarlarının yaradılması barədə də fikirlərini diqqətə çatdırıb. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal iş aparıldığını bildirən dövlətimizin başçısı qeyd edib ki, bu, Avropaya “yaşıl” enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı 4 giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır.

Bu, xarici dövlətlərin ölkəmizin bərpaolunan eneji potensialına marağının getdikcə artmasından xəbər verir. Yeri gəlmişkən, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” də bunun bariz ifadəsi kimi xüsusi diqqət çəkir. Qeyd edilən sənəd “yaşıl” enerjinin ötürülməsi ilə bağlı Azərbaycanın bu istiqamətdə atdığı uğurlu addımlardan biri olaraq dəyərləndirilir.

Hökumətlərarası həmin saziş Azərbaycan və Rumıniya arasında “yaşıl” enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu kabellə ötürülən elektrik enerjisinin daha sonra Macarıstana və Avropaya nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə də nəqli planlaşdırılır.

Ümumiyyətlə, saziş 4 ölkənin–Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın milli və regional enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqələrin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunun bərpaolunan enerji potensialının istifadəsinə, habelə dövlətlərin milli enerji istehlakında alternativ enerjinin payının artırılmasına dair maraqları nəzərə alınmaqla hazırlanıb.

Prezident İlham Əliyev yuxarıda haqqında bəhs edilən çıxışında “yaşıl” gündəliyimizin Azərbaycanın müxtəlif bölgələrini əhatə etdiyini, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarının “yaşıl” enerji zonaları elan olunduğunu və bunun, ərazimizin, demək olar ki, dörddəbir hissəsini təşkil etdiyini diqqətə çatdırıb.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respublikamızın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bütün bərpaedilən enerji mənbələrinin potensialı 27 min MVt, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Xəzər ofşor külək enerjisi baxımından böyük potensialı ilə diqqət çəkir. Dənizin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu proqnozlaşdırılır. Bu, respublikamızdakı elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur.

Onu da qeyd edək ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerji payının 30 faizə yüksəldilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bu, ölkəmizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca mühüm önəm daşıyır.

 

Seçilən
20
xalqqazeti.az

1Mənbələr